“Azərbaycan mətbuatı Milli Məclisdən DAHA ŞƏFFAFDIR” - Media kapitanlarından DEPUTATLARA CAVAB
    • 11-12-2021, 16:56
    • 820

“Azərbaycan mətbuatı Milli Məclisdən DAHA ŞƏFFAFDIR” - Media kapitanlarından DEPUTATLARA CAVAB

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Müzakirədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov, Milli Məclisin deputatları və media qurumlarının rəhbərləri iştirak edib.

Qanun layihəsi ilə bağlı iki məqam sosial şəbəkələrdə geniş müzakirələrə və narazılıqlara səbəb olub: 

Qüdrət Həsənquliyev təklif edib ki, jurnalistlərə dair tələblər ciddiləşdirilsin: “Vəkillər test verir, sonra vəkillik hüququ qazanır. Eyni zamanda jurnalistlər də test yolu ilə vəsiqə ala bilsin. Ən azından test yolu ilə onların ilkin bilikləri yoxlanılsın”. 

Deputat Elman Nəsirov Qüdrət Həsənquliyevin təklifini dəstəkləyib və jurnalistlərin attestasiyadan keçməsini təklif edib: “Bizdə olan jurnalistlərin sayını dəqiq bilən yoxdur. Xarici dildə bilən jurnalistlərin sayı bilinsə, yaxşı olar”.

News24.az olaraq media kapitanlarının yeni qanun layihəsi barədə düşüncələrini, deputatların təkliflərinə isə münasibətlərini öyrəndik.

Xaotik vəziyyəti aydınlatmağın vaxtıdır


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Media haqqında” qanun layihəsi ilə bağlı müzakirələrin demokratik, hərtərəfli və geniş olduğunu bildirib: “Müzakirələrdə ortaq fikir bu oldu ki, qanunun hazırlanmasına böyük əmək sərf olunub, digər ölkələrin qanun layihələri süzgəcdən keçirilib, aktual məqamlardan bəhrələnilib. Əslində bu qanunun qəbulunu zaman və informasiya texnologiyalarının sürətli inkişafı zəruri etmişdi. 

İlin əvvəlində Cənab Prezidentin sərəncamına əsasən, yeni qanunun hazırlanmasına start verildi. Bu müddətdə Media Agentliyi tərəfindən bu layihənin hazırlanması istiqamətində gərgin iş gedib və nəticədə ortaya sanballı layihə qoyulub. Layihədə media sektorunda informasiya texnologiyalarından doğan bütün yeniliklər əhatə olunub. Həmçinin Media Reyestrinin yaradılması barədə bölüm də xaotik vəziyyətdə olan media sektorunda aydınlıq yaratmaq, peşəkar jurnalistlərin fəaliyyətini stimullaşdırmaq baxımından əhəmiyyətlidir. Yəqin yaxın günlərdə Milli Məclisdə qanun layihəsinin müzakirələri başlayacaq və millət vəkilləri də dəyərli fikirlərini bildirib, layihəni dəstəkləyəcəklər”.

R.Məcid layihənin müzakirədə iştirak edən şəxslərə bir gün əvvəl verilməsini qüsurlu hesab edib: “Bu səbəbdən həmin şəxslər özləri də qeyd etdi ki, bir günə obyektiv fikir səsləndirmək çətindir. Zənnimcə, bir az zaman verilməli idi. Görünən budur ki, orada çıxış edən millət vəkilləri qanun layihəsini oxumayıblar. Millət vəkillərinin qeyd etdikləri məsələlər layihədə öz əksini tapıb. Media Reyestrindən keçən jurnalistlər müəyyən tələblərə cavab verməlidir. Güman edirəm ki, birinci oxunuşa qədər deputatlar qanun layihəsi ilə tanış olub, öz təkliflərini irəli sürəcəklər. Müəyyən maddələrdə isə dəyişikliklər ola bilər”. 

Media təbliğat ruporu olmayacaq

“APA Media Group”un Baş direktoru Vüsalə Mahirqızı qanun layihəsinin hazırlanmasının labüd məsələ olduğunu deyib: “Hazırda qüvvədə olan “KİV haqqında” qanun layihəsi daha çox yazılı medianı əhatə edirdi. Mediada və sosial şəbəkədə apardığım müşahidələrdən belə aydın oldu ki, həmkarlarım daha çox qanunun ayrı-ayrı maddələrinə və ya deputatların təkliflərinə fokuslanırlar. “Media haqqında” yeni qanun layihəsi hüquqi olaraq bizim fəaliyyətimizi tənzimləyəcək. Bu qanun layihəsi mediaya imkan verir ki, indiki ideoeloji və təbliğat ruporu funksiyasından uzaqlaşıb, bazar münasibətlərində sahibkarlıq subyektinə çevrilsin. Bu layihə müasir dünyanın reallıqlarına, bazar münasibətlərinin yenilənməsinə yönəlib. Çıxışımda müəyyən maddələrin redaktə edilib, jurnalistlərə əlçatan olması üçün təkliflərimi irəli sürdüm”. 

Baş direktor qanun layihəsinin müsbət məqamlarından söz açıb: “ “Media haqqında” yeni qanun layihəsi bizim hazırda çalışdığımız “KİV haqqında” qanundan daha proqressivdir. Hər hansı bir media subyekti, internet televiziyası və ya müəyyən platformada olan bir veriliş hüquqi ad almaq istəyirsə, könüllü müraciət edə biləcək. Eyni zamanda jurnalistlərin Media Reyestrində qeydiyyatdan keçməsi könüllülük əsasında reallaşacaq. Güman edirəm ki, bu vəsiqənin gələcəkdə müəyyən üstünlükləri olacaq”. 

V.Mahirqızı jurnalistlərin attestasiyadan keçməsi təklifinə belə cavab verib: “Jurnalistika fakültəsini bitirən jurnalistlər magistratura imtahanında müsabiqələrdə olurlar. Bundan əlavə, onsuz da jurnalistlər işə qəbul olarkən müəyyən sınaq müddətindən keçirlər. Hazırkı şəraitdə işə qəbul zamanı jurnalistlərin test verməsini real hesab etmirəm. Bu qanun layihəsindən görünən odur ki, dövlət medianın özəl və müstəqil olmasında maraqlıdır. Özəl media subyektlərində qəbul şərtlərini isə müəssisə özü tənzimləyir. Bir-iki media qurumunu çıxmaq şərtilə media subyektlərinin əksəriyyəti özəl fəaliyyət göstərir. 

“Freelancer” jurnalistlər gün üzünə çıxacaq

Elman Nəsirovun “bizdə olan jurnalistlərin sayını dəqiq bilən yoxdur” ifadəsinə cavab olaraq qeyd edim ki, bu qanun layihəsi ən çox jurnalistlərin reyestrinin aparılması məsələsinə xidmət edir. Qanun layihəsinə diqqət yetirsək, məlum olur ki, jurnalist kimi qeydiyyatdan keçmək üçün çox sadə şərtlər qoyulub. Bu şərtlərlə “freelancer” (sərbəst çalışan) kimi fəaliyyət göstərmək mümkün olacaq. Hətta dünyanın öndə gedən, inkişaf etmiş ölkələrində belə “freelancer” jurnalist anlayışı qanuniləşdirilməyib. 

Ölkə ərazisində rahat fəaliyyət göstərib, bütün dövlət qurumlarından akkreditasiya almaq istəyən jurnalistlər Media Reyesterindən keçə biləcək. Məsələn, jurnalist öz vəsiqəsini təqdim edəndə, heç kim ona deməyəcək ki, “bəlkə bu vəsiqə saxtadır”. Belə olan halda o, Media Reyestrində qeydiyyatda olduğunu deyə biləcək. Jurnalistlə bağlı məlumatları öyrənmək istəyən şəxs isə onlayn formada Media Reyestrinə baxa bilər. Bütün standartları qaydasında olan media qurumu niyə narahat olmalıdır? Bizim Media Reyestrində olmağımız mənə sərf edir. Belə olan halda hansısa bələdiyyə sədri və ya məmur əməkdaşımın qarşısını kəsib, “bu nə qurumdur” sualını verə bilməyəcək. Əks halda jurnalist Media Reyestrinə həmin şəxsi yönləndirə biləcək”.  

Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud mövcud qanunun zamanın tələbləri ilə səsləşmədiyini bildirib: “Kütləvi İnformasiya Vasitələri haqqında qanun təxminən 20 il bundan əvvəl qəbul olunub. Bu baxımdan “Media haqqında” qanun layihəsini dəstəkləyirəm. Hazırlanan və təqdim olunan qanun layihəsi televiziya, çap və onlayn medianı əhatə edir. Bundan sonra artıq hər kəsin diqqəti bir sənəddə olacaq. Bu qanun layihəsində kifayət qədər yeni müddəalar öz əksini tapıb. Düzdür, mübahisəli məqamlar da mövcuddur. Ancaq bu, normaldır. Çünki layihə ictimai müzakirəyə yeni çıxarılıb. “Media haqqında” qanun layihəsi ilə bağlı Milli Məclisdə III oxunuş olacaq. Bu zaman kəsiyində həm cəmiyyət, həm də mətbuat öz fikirlərini səsləndirəcək”. 

Beynəlxalq qanunvericilik prioritet olmalıdır

E.Ərud vurğulayıb ki, “KİV haqqında” qanun milli qanunvericilik kimi formalaşdırılmamalıdır: “Yəni burada milli mentalitet və dəyərlər nəzərə alına bilməz. Çünki mətbuatla bağlı situasiya beynəlxalq sənədlər əsasında hazırlanmalıdır. Məsələn, mətbuatın azadlığı beynəlxalq konvensiyalarla şərtləndirilir. Bu baxımdan Azərbaycandakı KİV haqqında qanun beynəlxalq qanunvericiliyə söykənməlidir. Mütərəqqi dünyada təməl prinsiplər medianın azadlığını, fikir bərabərliyini və plüralizmi özündə ehtiva edir. Hesab edirəm ki, bu məqamlar yeni qanun layihəsində öz əksini tapacaq”. 

O, əlavə edib ki, Qüdrət Həsənquliyev və Elman Nəsirovun səsləndirdiyi fikirlər “bumeranq effekti”ni yaradır: “Bizim deputatlarımız test və ya şəffaflıq tələb edirsə, özləri də daxil olmaqla millət vəkillərinin hansı formada Milli Məclisə gəlmələrini, necə seçilmələrini niyə araşdrımırlar?
Elman Nəsirov mətbuatda bir-iki dəfə üzləşdiyi hansısa neqativ məqamı ümumiləşdirib, acığını ümumi mediadan çıxmaq istəyir. Milli Məclisdə yer alan deputatları attestasiyadan keçirsələr, nə Qüdrət Həsənquliyev, nə də Elman Nəsirov öz postlarına davam edə bilər. Rəsmi şəxslər fikir səsləndirərkən, əvvəlcə öz vəziyyətlərinə baxmalıdır. Müqayisə etməli olsaq, tam əminliklə, obyektiv formada deyə bilərəm ki, Azərbaycan mətbuatı digər qurumlardan, o cümlədən Milli Məclisdən daha şəffaf, demokratik və öndədir”.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər hazırkı media mühitinin pərakəndə və qanunsuz görüntü yaratdığını qeyd edib: “Qanun layihəsi ilə tanış oldum. Əvvəlcə bunu qeyd edim ki, ideal qanun heç dünyada yoxdur. Hətta ideal qanun olsa belə icrası və əməl olunması ayrı-ayrılıqda müzakirə mövzularıdır. 

Ancaq məsələyə real yanaşanda görürük ki, hazırda bizim fəaliyyətimizi tənzimləyən bir qanun yoxdur. 1992-ci ildə qəbul edilən “KİV haqqında” qanun effektiv deyil. Çünki həmin dönəmlərdə “internet media” anlayışı belə yox idi. Hətta özəl media qurumları ilə bağlı hazırkı qanunda bir cümlə də yoxdur. Səbəb isə həmin dönəmlərdə ancaq dövlət televiziyasının, radiosunun və qəzetlərinin fəaliyyət göstərməsidir. Buna görə də Azərbaycan mediasının müasir dövrün tələbləri ilə səsləşən qanuna ehtiyacı var idi”. 

A.Ələsgər saxta yollarla fəaliyyət göstərən jurnalistlərlə bağlı da fikir səsləndirib: “Biz qanuni fəaliyyət göstərdiyimiz halda bəziləri 20 dollara bir domen alıb, naməlum formada fəaliyyət göstərirlər. Acınacaqlı hal da burasındadır ki, hər ikimiz eyni statusda oluruq. Bu baxımdan Media Reyestri təqdirəlayiq addımdır”. 

Kölgə salmaq istəyirlər..

O, deputatların düşüncələrinə sərt reaksiya verib: “Bir zəng, “WhatsApp” mesajı və ya göz ağartma ilə mövqeyini eyni anda 360 dərəcə dəyişə bilən şəxslərə diqqət etməliyik. Elman Nəsirov neçə dil bilir? Qüdrət Həsənquliyev və ya Elman Nəsirov deputat olarkən, attestasiyadan keçmişdilər? Bu gün Azərbaycanda normal seçki keçirilsə, sinəsinə döyən 125 deputatdan ən uzağı 15 nəfərini çıxmaq şərtilə hansı biri Milli Məclisə düşə bilər? Normal seçki şərtləri altında Elman Nəsirov öz gücünə deputat olsa, mən Azərbaycan mətbuatından getməyə və ya adımı dəyişməyə hazıram. Hər iki deputat Azərbaycanın media siyasətinə kölgə salmaq istəyir. 

Təbii ki, jurnalistlərin dil bilgisinin olması lazımdır. Ancaq bu, xüsusilə, xarici mətbuatdan tərcümələr edən, əlaqələr quran jurnalistlər üçün keçərlidir. 

Məlum deputatlarımız media haqqında qanun layihəsi barədə danışmayana qədər hər şey qaydasında idi. Təbii ki, tənqidlər də olurdu. Bu, normaldır. Ancaq sözügedən deputatlar məsələ ilə bağlı fikir yürütməyə başladıqdan sonra qanun layihəsinin müzakirəsi öz cığırından çıxdı və bərbat yön aldı. Çox təəssüf ki, mövcud qanunvericiliyə görə, layihələr parlamentdən keçməlidir. Əfsuslar olsun ki, parlamentimiz illərdir inkişaf etmək və keyfiyyəti yüksəltmək əvəzinə geriyə doğru addımlayır. Media kapitanlarına da buradan səslənirəm: Layihənin parlamentdəki müzakirəsinə çox da diqqət etmək lazım deyil. Əsas odur ki, bu layihəni mütəxəssislər hazırlayıb. Təkliflər istənildiyi halda düşüncələrimizi ifadə etməyə hazırıq. İnanıram ki, təkliflərimiz də nəzərə alınacaq. Bu qanun əbədi deyil. Çox güman ki, “Media haqqında” yeni qanun layihəsi islahatlara hazır olacaq”.