“Narkotikin təsiri altında tutulan sürücü potensial qatildir”
    • 18-12-2021, 13:32
    • 773

“Narkotikin təsiri altında tutulan sürücü potensial qatildir”

Son aylar narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşib avtoxuliqanlıq edən, qəza şəraiti yaradan sürücülərin sayı artıb. Daxili İşlər Nazirliyinin vaxtaşırı belə sürücülərin saxlanılması ilə bağlı yaydığı məlumatlar da bunu təsdiq edir. 
Bəs, bununla bağlı rəsmi qurumlar və ekspertlər hansı qənaətdədirlər? Zaman keçdikcə daha təhlükəli vəziyyət yaradan bu problemdən çıxış yolunu nədə görürlər?


News24.az-ın suallarını cavablayan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin sayı son zamanlar ciddi şəkildə artıb. Bu problem əvvələr o qədər də gözə çarpmırdı. Ona görə də, İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində alkoqollu içkinin təsiri altında avtomobil idarə edənlərlə narkotik vasitənin təsiri altında sükan arxasında oturanların məsuliyyəti eynidi, hər ikisinə eyni cəza verilir”.

Onun sözlərinə görə, gün ərzində ölkədə ən azı 20 nəfər narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanır: "Bu, ötən illərlə müqayisədə sərxoş vəziyyətdə sükan arxasında oturan sürücülərin sayına bərabərdir. Sizi əmin edirəm ki, çox qısa müddətdə narkotik vasitənin təsiri altında sükan arxasında oturanların sayı spirtli içkinin təsiri altında maşın sürənlərdən daha çox olacaq. Mən bir neçə belə saxlanılan sürücü ilə söhbət etmişəm. Onlar öz əməllərinə adi hal kimi baxırlar. 

Ötən gün Abşeron rayonunda ekologiya postunun əməkdaşları belə sürücülərdən birini saxlamışdılar. O, əməlindən peşman olmaq əvəzinə polis əməkdaşlarına “kişi nəşə çəkər də”, “mən oğru aləmindəyəm, yaxşı edirəm” deyib. Düzdür, sonra o adam mənimlə söhbətində əməlinin yanlış, qanun pozuntusu olduğunu boynuna alsa da, bu yola aldanıb düşdüyünü deyib özünə haqq qazandırmağa çalışırdı. Həmin şəxsin davranışlarından hiss olunurdu ki, o, daimi narkotik istifadəçisidir. Cəza olaraq onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırıldı və cəmi 4 gün inzibati həbs verildi. Ən pisi odur ki, bu adam 4 gün sonra həbsdən çıxacaq və sürücülük hüququnun məhdudlaşdırılmasına baxmayaraq, yenə də maşın sürəcək. Çünki o, daha öncə - aprel ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə Binəqədi Yol Polisi tərəfindən saxlanılmışdı. Bu dəfə isə narkotik maddə ilə saxlanılıb. O şəxs bundan sonra hansı vəziyyətdə saxlanılacaq, Allah bilir. Yəni deməyim odur ki, bu məsələ ilə bağlı vəziyyət heç də yaxşı deyil. Biz uçuruma gedirik”.

Ekspertin bununla bağlı təklifləri də var: “Mən bu yaxınlarda Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi ilə görüşdüm və mənə bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının nəzarətində olan hissələrdə, yəni bildiyimiz stasionar postlarda və postların nəzarətində olan yollarda 9 ay ərzində 630-dan çox narkotik vasitənin təsiri altında olan sürücü aşkarlanıb. Bu, 12 ayda təxminən 800 narkotik qəbul edib sükan arxasında əyləşən sürücü deməkdir. Bu, rəqəm yalnız postların ərazisidir. Hələ Bakı və ətrafı, eləcə də Azərbaycanın rayonları da var. İndi görün, o rəqəmləri də hesablasaq, necə ciddi nəticə alınacaq. Əminəm ki, onların sayı ötən illərlə müqayisədə sərxoş vəziyyətdə tutulan sürücülərin sayına bərabərləşib. Buna görə də, Milli Məclisdə deputatlarla söhbət zamanı İnzibati Xətalar Məcəlləsində sərxoş sürücü ilə narkoman sürücünün cəzasının ayrı olmasını təklif etdim. Çünki  narkotik asılılıqdır, xəstəlikdir. Düşünürəm narkotikin təsiri ilə aşkarlanan sürücülər 2-3 il müddətinə sürücülük hüququndan məhrum olunmalı, eləcə də, ən azı 3 ay müddətinə həbslə cəzalandırılmalıdırlar. Daha sonra isə sürücülük hüququnun bərpası üçün həmin şəxsdən sağlamlıq haqda arayış tələb olunmalıdır". 

Elməddin Muradlı söhbət əsnasında bəzi poliklinikaların sürücünün sağlamlığı ilə bağlı saxta arayış verdiklərini də qeyd elədi: “Bəzi dələduz polikliniklar bazar açıb sürücülərə sağlamlıq haqda saxta sənəd verirlər. Bu sənədin alınması üçün təminatlı tibb məntəqəsi olmalıdır. Yol polisi onlarla müqavilə bağlamalı və klinika qarşısında tələb qoymalıdır ki, həmin sürücü yenidən narkotik maddənin təsiri altında tutularsa, ona sağlamlıq haqda arayış verdiyi üçün tibb məntəqəsi məhkəməyə veriləcək və təzminat tələb olunacaq.  Avropada narkotiklə təkrar tutulan sürücü ömürlük avtomobil idarə etmək hüququndan məhrum edilir. Bizdə isə bu məsələdə cəza çox yüngüldür. Halbuki narkotikin təsiri altında tutulan sürücü potensial qatildir. Məhkəmədə isə ona 400 manat cərimə yazıb sərbəst buraxırlar”. 

Ekspert Ərşad Hüseynov məsələyə təkcə sürücülərin problemi dairəsindən yox, ümumi narkomaniyanın vəziyyəti kontekstində yanaşmaq lazım olduğunu düşünür: “Sürücü də bu ölkənin vətəndaşıdır. Təxmini statistikaya görə, ölkə əhalisinin hardasa 20 faizinin sürücülük vəsiqəsi var. Ona görə, ölkədə narkomaniyanın səviyyəsi hansı həddə olacaqsa, sürücülər arasında da həmin dərəcədə narkomanlıq faktlarına rast gəlinə bilər”.

Ekspert qeyd edib ki, bunun qarşısını almaq üçün narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizədə daha sərt, daha ciddi tədbirlər görülməlidir: “Yolda narkoman sürücü görmək istəmiriksə, o zaman bu problemlə mübarizə metodlarını daha da sərtləşdirməliyik. Təcrübə göstərir ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edənlər gənclərdir. Buna görə də, elə gənclər arasında maarifləndirmə işləri genişləndirilməlidir. Əgər sürücüdə narkotik təsiri aşkar edilibsə, o zaman həmin şəxs birinci dəfə üçün 400 manat cərimə olunur və 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilir. Əgər həmin şəxsin sürücülük hüququ yoxdursa, o zaman cərimə məbləği 500 manatdır, eyni zamanda 15 sutkalıq həbs olunur. Bu hal il ərzində təkrarlanarsa, cəzalar daha da sərtləşdirilir”.

Ekspert hesab edir ki, cəza tədbirləri ilə bağlı hər hansı dəyişikliyə hələlik ehtiyac yoxdur, sadəcə, buna nəzarət ciddi olmalıdır: “Qanunvericiliyimiz sürücüdə narkotik sərxoşluğun aşkar olunduğunu təqdirdə onu məcburi tibbi müayinəyə və müalicəyə göndərməyə də icazə verir. Qanunvericilikdəki tələblər normaldır. Sadəcə, onun tətbiqinin daha dəqiq və işlək olmasına nəzarət olunmalıdır”.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis Elşad Hacıyevsə bununla bağlı müntəzəm reyd keçirildiyini deyib: “Spirtli içki və narkotik vasitələr qəbul edib sükan arxasına keçən sürücülər nəzarət-profilaktik tədbirlər çərçivəsində aşkarlanır və təyin olunan müvafiq ekspertizanın nəticələrinə görə qanunamüvafiq tədbirlər görülür. Akoqollu içkilər və narkotik vasitələrin təsiri altında avtomobil idarə edilməsi qəza şəraiti yaradan amillərdən biridir. Bunu nəzarətdə saxlamaq üçün müxtəlif formada profilaktik tədbirlərin genişləndirilməsi məqsədi ilə respublika ərazisində aidiyyatı üzrə polis orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun fikrincə, spirtli içkilərin, narkotik vasitələrin, psixotrop dərmanların təsiri altında avtomobil idarə etmək nəinki təhlükəlidir, hətta yol-qəza hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biridir. Bu üzdən də inzibati tənbeh tədbiri görülərkən bu, ağırlaşdırıcı hal olaraq nəzərə alınır: “Biz narotik maddələrin təsiri, eləcə də alkoqollu içki qəbul edib sükan arxasında oturmağın qanun pozuntusu, eləcə də qəzalara səbəb amillərdən biri olduğunu təbliğ edən işlər aparırıq. Hər fürsətdə sürücülərə tövsiyə edirik ki, yol-qəza hadisələrinin baş verməməsi üçün yorğun, xəstə, yuxulu vəziyyətdə sükan arxasına əyləşib avtomobil idarə etməyin”.
 
V.Əsədov onu da deyib ki, yol hərəkəti haqda qanunun tələbini pozub nəqliyyat vasitəsinin narkotik və ya spirtli içkinin təsiri altında idarə edən sürücülər haqda ciddi tədbir görülür: “Əgər belə bir sürücü aşkarlanarsa, məhkəmə həmin şəxsi sürücülük hüququndan məhrum edir”.

Qeyd edək ki, eksper Elməddin Muradlının "poliklinikalar sürücülərə sağlamlıqları ilə bağlı saxta arayış verirlər" fikrinə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə aydınlıq gətirməyə çalışdıq. TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirdi ki, poliklinikaların sürücülərə sağlamlıq haqda saxta sənədin verilməsi iddiadır və fakt əsasında araşdırılmalıdır. 

Teymur MƏMMƏDOV