Xüsusi Təyinatlı Qüvvələrin şəhid və qazi ailələri bir arada - Fotolar
    • 21-12-2021, 17:31
    • 1 752

Xüsusi Təyinatlı Qüvvələrin şəhid və qazi ailələri bir arada - Fotolar

44 günlük Vətən müharibəsində şəhid və qazi olan Xüsusi Təyinatlı Qüvvələrin övladları üçün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə tədbir təşkil olunub. 

News24.az xəbər verir ki, "Azərsun Holding"in İstirahət Mərkəzində baş tutan tədbir 70-ə yaxın şəhid və qazi ailəsini əhatə edib. 

Tədbir şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra isə Azərbaycanın Dövlət Himni səslənib.  

Daha sonra tədbir Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Nizami Əliyev, Mayıl Şahbazov və Taleh Salmanlının çıxışları ilə davam edib. XTQ heyətinin hər biri şəhid yoldaşlarının ailələrinin, balalarının yanlarında olduğunu, onların atalarının qəhrəman olduqlarını vurğulayıblar. 

Tədbirdə Xalq artistiləri Flora Kərimova, Ağadadaş Ağayev, Fidan Hacıyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər maestro Ceyhun, Səlim Abbasov, qiraətçi Xəzər Süleymanlı və digər tanınmışlar iştirak ediblər. Tədbirdə qonaqlar sırasında 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgərinin yanında olan iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva da iştirak edib. 

Balalarını sevdirən şənlikdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin həyat yoldaşı Sevda xanım, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Zaur Cavanşirin həyat yoldaşı Vüsalə xanım və digərlərinin ailə üzvləri iştirak edib. 

Tədbirin sonunda hər kəs balalarla tort kəsib. 

Xalq artistləri Flora Kərimova, Ağadadaş Ağayev, Fidan Hacıyeva, Gülyanaq Məmmədovaya, iş xanımı Ruhi Əliyevaya, News24.az saytının baş redaktoru Ülkər Qasımovaya, Əməkdar artistlər maestro Ceyhuna, Səlim Abbasova, qiraətçi Xəzər Süleymanlıya Azərbaycan Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrin xüsusi Fəxri Fərmanı təqdim olunub. 

Foto:  
Teymur Məmmədov