Milli Qəhrəman Polad Həşimova ithaf edilən kitab təqdim olundu

Milli Qəhrəman Polad Həşimova ithaf edilən kitab təqdim olundu
MƏDƏNİYYƏT

27-12-2021, 18:01

Mətn ölçüsü

Əməkdar elm xadimi Prof.Dr. Qəzənfər Paşayevin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun əziz xatirəsinə ithaf etdiyi “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, “AZƏRKİTAB – Kitab Mərkəzi”ndə baş tutan təqdimatın aparıcısı – Mili Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirdə Milli Qəhrəmanın anasının və qardaşının, Millət vəkillərinin, Mədəniyyət Nazirliyi, elm-təhsil ocaqları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyini bildirib. O, “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının Azərbaycan və Türk dünyası siqlətini vurğulayıb.

Professorlar Abid Tahirli və Şirindil Alışanov “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının məziyyətləri, müəllifin çoxşaxəli və məhsuldar elmi fəaliyyəti haqqında danışıb. Alimlər Qəzənfər Paşayevin bu yeni əsərindəki ümumazərbaycan aspektini və İraq-Türkman adət-ənənələri, mədəniyyəti ilə səsləşmələrə dair misalları vurğulayıb, Əməkdar elm xadiminin etnoqrafik yaddaşa müraciət etdiyini bildirib.

Professorlar Abid Tahirli və Şirindil Alışanov Qəzənfər Paşayevin yeni monoqrafiyasının “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası”, “Qəbələ folkloru” işığında müəllifin təəssüratlarını, qənaət, fikir və ideyalarını ehtiva etdiyini deyib. Monoqrafiyada Qəbələnin b.e.ö. dövründən zəmanəmizədək uzunanan zəngin tarixinə ekskurs edildiyini vurğulayan natiqlər, tarixin hər birinin minillikləri əhatə edən qədim Paleolit, Mezolit, Neolit, Enepolit, Tunc, Dəmir dövrlərinin səciyyəvi özəlliklərindən də bəhs edildiyini bildirib.

Millət vəkilləri – Qənirə Paşayeva, Vüqar İskəndərov, Arzu Nağıyev professor Qəzənfər Paşayevin öncəki əsərlərinə, özəlliklə məşhur “6 il Dəclə-Fərat sahillərində” kitabına istinad edib, yeni əsərini də axarlı üslubda yazdığını, çoxsaylı faktları oxucunu yormadan maraqlı bir şəkildə təqdim etdiyini vurğulayıb. Millət vəkilləri əsərdə Qəbələnin etnoqrafiya dünyasının ümumazərbaycan etnoqrafiyası kontekstində gündəmə gətirildiyini və tədqiqat süzgəcindən keçirildiyini deyib. Onlar, kitabın bir fəslinə ad verildiyi kimi “Bitib-tükənməyən incilər xəzinəsi”də insana beşikdən qəbrədək yol yoldaşı olan şifahi xalq ədəbiyyatının hərtərəfli araşdırıldığını söyləyib.

Şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimova oğlunun şərəfinə yazılmış kitaba və təqdimata görə Qəzənfər Paşayevə, onu ayaq üstə qarşılayan və alqışlayan bütün tədbir iştirakçılara təşəkkürünü bildirib, ürək sözlərini söyləyib.

AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu-sədri Umud Rəhimoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, şair-publisist, Əməkdar juranlist Adil Cəmil, “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair-publisist Sərvaz Hüseynoğlu, “Hədəf” təhsil brendinin yaradıcısı, “Ustad” dərgisinin qurucu-baş redaktoru Dos.Dr. Şəmil Sadiq, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Kamran Musayev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, BDU-nun "Qafqaz xalqları tarixi" kafedrasının müdiri Prof.Dr. İradə Hüseynova, Avropa Psixoloqlar Liqasının və Beynəlxalq Ailə Akademiyasının üzvü Dr. Təranə Paşayeva, “Vektor”un qurucu-başqanı Prof.Dr. Elçin İsgəndərzadə müəllifin elmi-pedaqoji və ədəbi fəaliyyəti, yaradıcılıq uğurları haqqında ürək sözlərini bölüşüb.

Çıxışlarda monoqrafiyanın təkcə mütəxəssislər üçün deyil, eləcə də, tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı deyilib.

Prof.Dr. Elçin İsgəndərzadə Prof.Dr. Qəzənfər Paşayevə “Uluslararası Ödül Komitəsi” adından “Altın Medal”, “Fəxri akademik” “Diplom”u və cübbəsi, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri Emin Həsənli və Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar isə “Fəxri fərman” təqdim edib.

Sonda kitabın müəllifi, Əməkdar elm xadimi Qəzənfər Paşayev çıxış edərək, onun yaradıcılığına, təqdimata görə təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara təşəkkür edib. Q.Paşayev Polad Həşimovun əziz ruhuna ithaf etdiyi “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının yazılma səbəbi, Ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin xalqımızın tarixinə, respublikamızın, o cümlədən bölgələrin inkişafına xüsusi töhfələrindən, Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərdən danışıb.

Q.Paşayev “QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabını iştirakçılar üçün imzalayıb.

Qeyd edək ki, bu ilin sentyabrında “Təhsil” nəşriyyatında nəfis tərtibatla gün üzü görən kitab Ümummilli liderin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, ölkə Prezidenti İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük” sözləri ilə açılır. Monoqrafiyanın redaktoru tarix elmləri doktoru, akademik Nərgiz Axundova, önsöz müəllifi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, rəyçisi filologiya elmləri doktoru, professor Abid Tahirlidir. Monoqrafiya AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 04.11.2020-ci il tarixli (protokol №5) qərarı ilə çap olunub.