"Omikronla bağlı vəziyyət diqqət mərkəzindədir"
    • 28-12-2021, 17:00
    • 726

"Omikronla bağlı vəziyyət diqqət mərkəzindədir"

"Omikron ştammı diqqət mərkəzindədir. Gündəlik olaraq toplanan test nümunələri seçmə üsulu yoxlanılır. Azərbaycanda Omikrona yoluxma halı qeydə alınmayıb".

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

O bildirib ki, sabit vəziyyət hökumət tərəfindən aparılan planlı, düzgün əks epidemik tədbirlərin nəticəsidir: "Bu tədbirlərin içərisində səyahət edənlərə COVID sertifikatları PZR testləri də tələb olunurdu. Vətəndaşlarımıza vaksinasiya prosesinə qoşulduqları üçün təşəkkür edirəm.

Azərbaycanla qonşu ölkələrdə Omikron ştammına yoluxma halları qeydə alınıb. Ancaq təhlükəni göz önündə saxlamalıyıq. Ştamm ölkəmizdə peyda olunsa və yayılsa, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atacağıq".

Nazir müavini əlavə edib ki, artıq buster dozaların vurulması aktiv həyata keçirilir: "Ölkə üzrə ümumi istifadə 11 milyon 255 min, iki doza vaksin olunanlar 4 milyon 777 min, buster dozanı isə 1 milyon 255 min nəfər vurdurub. Vaksin olunan əhali 65-68 faizdir.

Son iki həftədir ki, COVID -19 əleyhinə istifadə olunan dərmanların müzakirəsi gedir. Bəzi ölkələrdə həmin dərmanlar qeydiyyatdan keçib. Yetərincə sübuta yetirilmiş elmi tədqiqatlardan sonra həmin dərmanlar ölkəmizə gətiriləcək.

Yeni dərmanlar vaksinasiyanın yrrini tutmayacaq. Bu şayiələr yanlışdır. Virusun müalicəsində gecikən insanları müalicə edən dərmanlar ölkəmizə gətirilir. Aktiv olaraq xəstəliklərin müalicəsində istifadə olunur. Yeni tətbiq olunacaq dərmanlar birinci fazaya aiddir. Bu dərmanlar vaksinasiyanı inkar yox, dəstəkləyici xarakter daşıyır".