FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirdi - Video
    • 30-12-2021, 15:57
    • 650

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirdi - Video

27-29 dekabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda taktiki-xüsusi təlim keçirilib.

News24.az xəbər verir ki, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə təşkil olunan təlim zamanı əvvəlcə Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev iştirakçılara təlimin əhəmiyyəti barədə məlumat verib, qarşıda duran məqsəd və vəzifələrdən danışıb.

İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər həyata keçirilib.

Təlimin ikinci mərhələsində əsas səylər FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, infomasiya mübadiləsinin aparılması, eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili icra olunub.

Sonra təlim zamanı “dağıntılar” altından şərti zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər, axtarış-xilasetmə tədbirləri zamanı Dəstənin istifadəsinə yeni verilmiş alət və avadanlıqların, eləcə də xidməti itlərin axtarış-xilasetmə tədbirlərində tətbiqi həyata keçirilib.

Sonda təlimin nəticələri müzakirə olunub, gələcəkdə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Təlim zamanı qarşıya qoyulmuş tapşırıqlar icra olunub.