Hərbçilərin pensiyalarının azaldılması ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən cavab
    • 7-01-2022, 13:53
    • 554

Hərbçilərin pensiyalarının azaldılması ilə bağlı yayılan xəbərlərə - Nazirlikdən cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərbi qulluqçuların pensiyalarının azaldılması ilə bağlı sosial şəbəkədə yayılan iddialara münasibət bildirib.

News24.az-ın məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, eləcə də onların pensiya təminatının yaxşılaşdırılması bu gün ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir:

“Ötən dövrdə də bu istiqamətdə mühüm addımlar atılıb, hərbi qulluqçuların pensiyalarında dəfələrlə artımlar edilib. Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır. Bununla belə, hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydasının guya ləğv edilməsi üçün təklif hazırlandığı barədə sosial şəbəkə səhifələrindən birində qeyd edilən məlumat yanlışdır. Belə bir təklif mövcud deyil və düşünülmür də. Ümumiyyətlə pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik edilməyib. Əksinə 2019-cu ildəki sosial islahatlar çərçivəsində həmin şəxslərin pensiyalarında ciddi artım (orta hesabla 30%) tətbiq olundu”.

F.Talıbov əlavə edib ki, hazırda da hərbi qulluqçuların pensiyası onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyi artdıqda da yenidən hesablanaraq artırılır:

“Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanı ilə müvafiq qurumlarda hərbi və xüsusi rütbəli şəxslərin vəzifə maaşına 20% məbləğində əlavə edilib ki, bu əlavə həmin şəxslərin gələcəkdə pensiyası hesablanarkən nəzərə alınacaq. Lakin hərbi qulluqçuların təminat xərcliyi artığı halda onların pensiyalarında eyni artım baş verir, təminat xərcliyinə əlavə olunması isə qanunverciliklə onların pensiyalarında artımı şərtləndirmir. İstərdik ki, bu tip həssas mövzularda məlumatlar paylaşanlar əvvəlcə bunu aidiyyəti qurumla dəqiqləşdirsin, əks halda belə qeyri-səhih məlumatlar insanlarda çaşqınlığa, yanlış ictimai rəyin formalaşmasına səbəb ola bilər”.