"Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim" - Zamiqin konsertində baş verənlər - FOTO - VİDEO
    • 8-01-2022, 13:35
    • 3 576

"Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim" - Zamiqin konsertində baş verənlər - FOTO - VİDEO

Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, sənətçi konsertdən öncə jurnalistlərin suallarını cavablayıb. O bildirib ki, konsert şəhid və qazi ailələrinə həsr edilib.

İfaçı həmçinin konsertə az sayda həmkarını dəvət etdiyini də vurğulayıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsert başlamazdan öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

“Azərbaycan” mahnısı ilə səhnəyə çıxan Z.Hüseynov ard-arda hit mahnılarını ifa edib. Müğənni daha sonra səhnəni reper Elşad Xose və aparıcı Leyla Quliyeva ilə bölüşüb. 

“Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim. İndi isə fəxr edirəm ki, bütöv bir Azərbaycanın, qalib bir ölkənin sənətçisi kimi çıxış edirəm. Qarabağ Azərbaycandır!”, -  deyə sənətçi qeyd edib. 

Müğənni daha sonra bildirib ki, pandemiya bitdikdən sonra bir neçə gün ard-arda konsert proqramı ilə çıxış edəcək. 

Konsert qonaqların alqışları ilə sona çatıb. 

Qeyd edək ki, satışa çıxarılan biletlərdən əldə olunan gəlir  Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan YAŞAT Fonduna ianə ediləcək.