Bizi niyə döyürsünüz, müəllimlər?
    • 14-01-2022, 17:12
    • 596

Bizi niyə döyürsünüz, müəllimlər?

“İnsan tərbiyəçi və müəllim kimi doğulmalıdır; ona fitri incəlik rəhbərlik edir”. Bu deyim alman pedoqoqu Adolf Disterverqə aiddir. 
Hər dəfə müəllim şagird və ya tərbiyəçilərlə bağlı xoşagəlməz bir insident olanda bu fikrin necə doğru olduğuna təkrar inanıram. Məncə də, bir neçə məslək var ki, onlar insanın fitrətiylə bağlıdır. Müəllimlik də eləcə. 


O kəslər öyrətmənliyi ilə seçməlidir ki, onlar bu işin ruhunun, könlünün göstərişi olduğuna əmin olmalıdır. O kəslər öyrətməyi də, öyrənəni də ürəyi ilə sevməlidir. 

Yadıma bir hadisə düşdü: İllər əvvəl qızımın oxuduğu sinifdə şagirdlərə Yeni il şənliklərinin keçirilməsi üçün şeir, mahnı, rəqs, filan öyrənmək tapşırığı verilmişdi. Müəllimə uşaqlardan birini fiziki cəhətdən zəif olduğu üçün səhnə göstərişlərindən çıxdaş eləmişdi. Uşağın iki günlük ağlamağına dözə bilməyən valideyn bununla bağlı sinifdə müəllimə iradını bildirdi. Və onun da uşağına şənlikdə iştirak üçün rəqs və ya başqa bir “görəv” verilməsini istədi. Müəllimsə hər kəsin - uşağın özünün və sinif uşaqlarının yanında “sənin uşağın rəqs edə bilir? Rəqs versəm, guya oynamağı bacaracaq?!” dedi. Müəllimin sözünü eşidən həmin uşağın üzündə yaranan ifadəni ömrüm boyu unutmayacam. Düzdür, müəllim dediyi sözünün cəzasını aldı, tənbehləndi. Sinif uşaqları da həmin hadisəni unutdu. Amma uşaq? Bəlkə də bu acımasız ayrıcalıq onun yaddaşında unutmayacağı bir iz salıb. 

Bu və sosial şəbəkələrdə yayılan videolar bizim gördüklərimizdir. Hələ neçə-neçə görmədiyimiz, bilmədiyimiz şiddət görən, qapazlanan, başı divara çırpılan, döyülən, söyülən uşaqlar var. Bəs, maraqlıdır, vaxtilə “hər könüldə yeri olan” müəllimi bu gün aqressiv edən səbəblər nədir? Niyə hər kəsin bir işıq, bir aydın saydığı öyrətmən indi zorakılıq edən, şiddət göstərən, cəmiyyətin qınadığı birinə çevrilib? 
Bəlkə, hər şeydən öncə bu araşdırılmalıdır?

Əksər müəllimlər iddia edir ki, indi valideynlər uşaqlarını çox ərköyün böyüdürlər. Övladlarını matah eləyirlər ki, heç kim acıqlanmasın, danlamasın. Bir də deyirlər ki, internet, əlavə əyləncələr uşaqları ipə-sapa yatmaz, böyük sözü eşitməz edib. Bəs, dünən döyülən bu balacaya nə deyirsiz? Onu da internet korlayıb, onu da əyləncələr üsyankar eləyib? Hələ danışa bilməyən, məsum balaca hansı yanlışının bədəlini ödəyib?

Hər şiddət göstərən müəllimi vəziyyətdən çıxarmaq üçün ona bir səbəb tapırıq. Birinə “xəstə”, o birinə “yaşlı” deyib ictimai qınağı yatışdırmağa çalışırıq. Amma zənnimcə, nə “şiddətli töhmət”, nə “işdən çıxarıldı” deyilməsi məsələnin həlli deyil.

Müəllim seçiminə xüsusi özən göstərilməli, bu məsləyə daha həssas yanaşılmalıdır. İntellektli, özügüvənli və şiddətdənkənar gələcək formalaşdıran, strateji peşə olan öyrətmənlik üçün xüsusi istedadı olanlar seçilməlidir. “Balı istədiyi fakültəyə çatmır”, “müəllimlik əsl qız sənətidir”, “evdə uşaq hazırlaşdırıb yaxşı pul qazanacaq” “İşsiz qalmasın, hələlik dərs desin” kimi məntiqsiz arqumentlərlə bu peşəyə yiyələnilməyin sonu belə uğursuzluqlara, ürək ağrıdan səhnələrə gətirib çıxarır. Hətta o şəxslər ixtisaslarından “9” almış olsalar belə, nəticə eyni olacaq. Çünki müəllim olan kəs öncə insanları, uşaqları çox sevməlidir. Dini, dili, rəngi, siyasi baxışı, iqtisadi durumu, məmləkəti hara olur-olsun, hər kəsə eyni münasibət bəsləməlidir. Dili yalansız, davranışı kübar, ətrafına səbirli, üzügülər olmalıdır. Tədrisi, təlimi, üslubları qədər hər şagirdə, hər tələbəyə özəl yanaşmasını hiss etdirməlidir. İctimai, siyasi, mədəni və bədii inkişafları izləməli, öyrətdiyi qədər də öyrənməyə, yenilikçi olmağa can atmalıdır. Ən əsası, öyrətməyin ən qutsal, ən uca dəyər olduğunu hər an, hər yerdə hiss etdirməlidir. 

Yalnız o zaman “öyrətmən” kəlməsindəki  “mən” öz nüfuzunu qaytara bilər.

Rəna CUMAQIZI