Bakıda qadın ərinin avtomobili ilə ağır qəza törətdi – ÖLƏN VAR
    • 17-01-2022, 11:49
    • 696

Bakıda qadın ərinin avtomobili ilə ağır qəza törətdi – ÖLƏN VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin 16 may tarixində saat 16 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 1980-ci il təvəllüdlü Hədiyyə Yusubovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
-ın məlumatına görə, hadisəni törədən KİA markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmiş 1990-cı il təvəllüdlü Bəsti Xalıqova (şərti adlı) barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə) maddəsi ilə açılmış işin istintaqı zamanı bəzi faktlar üzə çıxıb. Bəlli olub ki, hadisəni törədən qadın həyat yoldaşı K.Xalıqova məxsus avtomobillə qəza törətdikdən 8 gün sonra BC kateqoriyalı sürücülük vəsiqəsi alıb.

Bu barədə o özü məhkəmədə məlumat verib. O, hadisənin necə baş verdiyini də təsvir edib: “Kürdəxanı qəsəbəsində yolda hərəkət edən zaman qabağımda “Şagman” markalı yük avtomobili hərəkət edirdi. Sağ tərəfində isə bir avtomobil nasaz vəziyyətdə olmaqla kənarda dayanmışdı. Döngədən dönəndə bir qadın qəflətən qabağıma çıxdı və bu zaman ehtiyatsızlıqdan onu vurdum. Qarşımda “Şagman” markalı yük maşını olduğu üçün qadını görə bilmədim, əgər görsəydim, hadisənin baş verməsinin qarşısını ala bilərdim. Hadisədən sonra özümü itirdim. Bundan sonra tez təcili yardım çağırdıq və qadını xəstəxanaya apardıq. Orada həkimlər həmin şəxsin öldüyünü bildirdilər. Zərərçəkmiş şəxsin ailəsinə dəymiş maddi ziyanı ödəmişik, mərhumun dəfn xərclərini ödəmişəm və onlarla barışmışam”.

Məhkəmədə mərhum H.Yusubovanın qardaşı qarşı tərəflə barışdıqlarını, ona qarşı iddi və tələblərinin olmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Xalıqova Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququndan 2 il müddətinə məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.