20 Yanvar şəhidinin qazi oğlu: “Atamın QİSASINI ALDIM” - VİDEO
    • 19-01-2022, 19:11
    • 615

20 Yanvar şəhidinin qazi oğlu: “Atamın QİSASINI ALDIM” - VİDEO

Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq örnəyi kimi həkk olunan 1990-cı il 20 Yanvar hadisəsindən 32 il ötür. Bu tarix Azərbaycanın qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. Həmin dəhşətli tarixdə baş verənlər bir məqsədə xidmət edirdi: Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğub, ona mənəvi zərbə vurmaq. Ancaq bunu bacarmadılar. Xalqımız 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. 

Biz də News24.az olaraq 20 Yanvar qurbanlarının xatirəsini yad etmək üçün şəhidlərimizdən birinin ailəsi ilə həmsöhbət olduq. 

Həmsöhbət olduğumuz ailənin kədərli və qürurlu tarixçəsi var. Belə ki, bu ailədə ata Ağakişiyev Şakir 20 Yanvar şəhidi, övlad Ağakişiyev Elşən isə isə Vətən Müharibəsinin qəhrəmanıdır. Qazimizə həm də atasının qisasçısı da deyə bilərik.


Ağakişiyev Şakirin həyat yoldaşı Qızbacı xanım hadisənin baş verdiyi günü belə xatırlayır: “Yoldaşım hər gün işdən saat 18:00-da qayıdırdı. Ancaq 20 Yanvar günü gecikmişdi. Saat 20:00-da işıqlarımız söndü. Hadisənin hansı səbəbdən baş verdiyini bilmədik. Gurultu səsləri gəlirdi. 

Sən demə Şakir və dostu Mövlamverdi işdən qayıdanda əliyalın insanların tankların qarşısını alacağını eşidib, Bakıya yola düşüblər. İzdiham dağılandan sonra geri dönəndə yolda tanklarla rastlaşıblar. Yolda tankın “juquli”nin üzərindən keçdiyini görəndə maşını qıraqda saxlayıblar. Ancaq buna baxmayaraq, silahlılar avtomobilə 32 güllə atıblar. Bu güllələrdən beşi Şakirə tuş gəlib. O, aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib. Mövlamverdinin isə güllə qoluna dəydiyindən sağ qaldı.

Biz həyat yoldaşımın tabutu üzərində ağlayanda 3 yaşlı oğlum Elşən atasına qışqırırdı ki, “ata, burada yatma, dur, evimizə gedək”. Elşən atasının öldüyünü bilmirdi. Silahlılar havaya da güllə atırdılar ki, evdə ağlaşma səsi gəlməsin. Kişilərimizi təhdid edirdilər ki, səs gəlsə, sizi də öldürərik”. 


A.Qızbacı övladlarına uzun müddət ataları ilə bağlı yalan danışdığını deyib: “Uşaqlar atalarının harada olduğunu soruşanda həmişə deyirdim ki, atanız uzunmüddətli əsgərlikdədir, nə vaxtsa gələcək, biz də sevinəcəyik. Böyük oğlum məktəbdə atası olan başqa uşaqları görəndə evə gəlib, tez-tez soruşurdu ki, “mənim atamın əsgərliyi niyə bitmir?” 

Şakir həmişə deyirdi ki, oğlumuz olsa, adını Elşən, qızımız olsa, Aynur qoyarıq. O, övladını görmədi. Oğlumuz olanda atasının vəsiyyətini yerinə yetirdik, adını Elşən qoyduq. Ancaq biz onu heç vaxt Elşən çağırmadıq. Şakir vəfat edəndən sonra dünyaya gəldiyi üçün ona Əvəz deyirdik. Çünki atasına əvəz gəlmişdi. İndi də biz onu evdə Əvəz çağırırıq”. 

O, övladının İkinci Qarabağ müharibəsinə könüllü yazıldığını eşidəndə qəhərdən boğulduğunu deyib: “Oğlum bu xəbəri mənə deyəndə ağladım, etiraz etdim ki, axı sənin atan şəhiddir, niyə yazıldın? Həm də ona dedim ki, atanın 30 yaşı Şəhidlər Xiyabanında olub. İndi də sənin 30 yaşın var. Sənə nəsə olsa, axı dözə bilmərəm. O da cavabında atasının qisasını alacağını dedi”. 


Qazi Ağakişiyev Elşən isə atasızlığın çətin hiss olduğunu dilə gətirib: “Atam bacımın və qardaşımın başına sığal çəkib. Onları öpüb, əzizləyib. Ancaq mən atamın üzünü görmədim. Bu mənada bacıma və qardaşıma paxıllıq edirəm. Məktəbdə də atası olan uşaqları görəndə pis olurdum. Bu hissi ancaq yaşayan bilər”.

O, səfərbərlik elan olunan kimi işdən icazə alıb, könüllü müharibəyə yazıldığını bildirib: “27 sentyabrda mənə dedilər ki, atan şəhiddir, sənə olmaz. Kor-peşman geri qayıtdım. 28 sentyabrda yenidən müraciət etdim. İsrar etdiyimi gördülər və icazə verdilər. Zəngilan, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak etdiyim üçün medallarım var. Bundan əlavə, "Cəsur döyüşçü" medalına və Fəxri Fərmana layiq görüldüm. Atamın qisasını aldığım üçün qürurluyam”.

Video: Nicat Niftəliyev