"Sarkisyanın yerinə Paşinyanın siyasətini DƏSTƏKLƏYƏN biri gələcək”- ŞƏRH
    • 24-01-2022, 17:34
    • 394

"Sarkisyanın yerinə Paşinyanın siyasətini DƏSTƏKLƏYƏN biri gələcək”- ŞƏRH

Dünən Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur.  Bəs, görəsən Sarkisyanın istefasının səbəbləri nədir? O, Paşinyanın planlarını pozdumu? Bu istefanın hansısa formada Azərbaycanla münasibətlərə təsiri ola bilərmi?

News24.az bu sullar ətrafında ekspertlərin fikirlərini öyrənib.


Politoloq Cümşüd Nuriyev qeyd edib ki, Sarkisyanı məhz Paşinyan istefaya göndərib: “Onun yerinə çox güman ki, Paşinyanın istədiyi adam seçiləcək. Zənnimcə, ya Abramyan, ya da “Mənim addımım” iqtidar parlament fraksiyasının üzvlərindən biri seçilə bilər. Rusiyanın istədiyi şəxsin gəlmə ehtimalı isə 50 faizdir. Paşinyan onun üçün yenidən qarşıdurma yarada biləcək şəxsin gəlməyini istəmir. Zənnimcə, Sarkisyanın yerinə kimliyindən asılı olmayaraq, Paşinyanın siyasətini dəstəkləyən biri gələcək”.

O, hesab edir ki, Paşinyan hazırda Rusiya ilə münasibətlərə o qədər də önəm vermir: “Paşinyan Ermənistanı indiki durumdan çıxarmaq məcburiyyətindədir. Əks halda Ermənistan bir dövlət kimi iflasa uğrayacaq. Paşinyanı Ermənistanın maraqları daha çox narahat edir, nəinki Rusiyanın hansısa Cənubi Qafqaz siyasəti. Paşinyan ikinci dəfə seçiləndən sonra Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmağa başladı. Rusiya ilk dəfə olaraq Ermənistan tərəfindən siyasi məğlubiyyətini alacaq”. 


Politoloq Qabil Hüseynli bildirib ki, Armen Sarkisyan daim müxalifətin tərəfində olub və Paşinyanın ziddinə hərəkət edib: “Buna görə də Paşinyan ölkədəki parlament idarə üsulunu prezident idarəçiliyinə dəyişmək istəyini çoxdan bəyan etmişdi. Sülh müqaviləsi ilə bağlı son zamanlar Azərbaycan tərəfinin də səbri sınanılırdı. Azərbaycan Prezidenti öz çıxışlarında Ermənistana vaxt verdiyini ifadə edirdi. Fikrimcə, Ermənistan daxilində baş verən bir sıra obyektiv faktorlar və sülh məsələləri ilə bağlı çətinliklər Paşinyanı cəsarətli hərəkət etməyə vadar etdi və o, Sarkisyanı istefaya göndərdi. Görünən mənzərə budur ki, Ermənistanda prezident idarə üsulu tətbiq ediləcək. Paşinyan isə prezident seçilməklə hər şeyi öz əlində cəmləşdirəcək. Paşinyan prezident seçildikdən sonra Azərbaycanla sülh münasibətlərini bərqərar edə bilər. Bu münasibətləri yaxşılaşdırmaq üçün əlində çox güclü kartlar var”.


Politoloq İlqar Vəlizadə saytımıza açıqlamasında bildirib ki, Armen Sarkisyan keçmiş Qarabağ klanının üzvü kimi hakimiyyətə gətirilib: “Sarkisyan iqtidardaxili qrupların kompromis fiquru idi. O, öz adamlarını kürsüdə görmək istəyirdi. Sarkisyanın kürsüyə gəldiyi dönəm gərgin mühit yaranmışdı. O vaxt baş nazirin müavini olan Karen Karapetyan Sarkisyanla soyuq münasibət saxlayırdı. Digər tərəfdən isə Köçəryanın fiqurları meydana çıxmışdı. Sonradan hakimiyyət dəyişikliyi baş verdi. Sarkisyan yenə də köhnə iqtidarla yenisi arasında öz ampluasında qaldı. Ancaq hazırkı durumda kompromisə ehtiyac olmadığı üçün o, istefa verdi. Bir neçə dəfə parlament seçkilərində qalib gələn Ermənistan hakimiyyəti artıq özünü daha cəsarətli apardı.  Mövcud hakimiyyətin artıq bu fiqura ehtiyacı olmadı və şərait yaradıldı ki, öz xoşluğu ilə tutduğu postu tərk etsin”. 


Politoloq Natiq Miri vurğulayıb ki, Armen Sarkisyanın prezident kimi Ermənistanın ictimai-siyasi həyatında perpektivi gözlənilmirdi: “Onun işi hökumətdən gələn qərarları təqsdiq etməkdən ibarət idi. Müharibə və ondan sonrakı dövrdə Ermənistanda yaranan siyasi böhran vəziyyətində A.Sarkisyan prezident kimi xüsusi rola malik ola bilmədi. Bu baxımdan onun istefa verməsi normal seçim sayıla bilər. İkinci məqam isə Nikol Paşinyanla bazarlıq predmetinin nəticəsi kimi ortaya çıxır. Konstitusiyanın dəyişdirilməsi və Ermənistanda yenidən prezident idarə üsulunun tətbiq olunması ilə bağlı artıq komissiya yaradılıb. Konstitusiyanın dəyişdirilməsi yönündə etirazlar davam edir. Nikol Paşinyan da bu istiqamətdə tələsir. Bu bazarlığın predmeti kimi A.Sarkisyanın istefası mümkün variantlar arasındadır. O, istefa verdiyi təqdirdə Paşinyan heç nəyi uduzmur. Konstitusiyaya görə səlahiyyətlər avtomatik olaraq parlamentin spikerinə keçir. Spiker isə Paşinyanın komandasının üzvüdür. Yeni konstitusiya dəyişdirilənə qədər bu, Nikol Paşinyan hökumətinə üstünlüklər verir”. 

Politoloq əlavə edib ki, Konstitusiya Məhkəməsi Paşinyan hökumətinin nəzarətində deyil: “Bu üzvlərin böyük əksəriyyəti Serj Sarkisyan dönəmində seçilib. Onlar zaman-zaman hökumətə problemlər yarada bilirlər. A.Sarkisyanın dönəmində bundan istifadə olunurdu. Nikol Paşinyan isə yeni konstitusiya qəbul olunana qədər əlindəki fürsətləri dəyərləndirməyi qərara aldı. Prezident idarə üsulu tətbiq olunandan sonra bu, Paşinyana bütün revanşist qüvvələri əzib keçmək imkanı tanıyacaq. Ona görə də Sarkisyanın istefasını Nikol Paşinyanın yolunu açan hadisə kimi qiymətləndirirəm”.