Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi"  baletinin premyerası keçiriləcək
    • 25-01-2022, 11:40
    • 834

Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi" baletinin premyerası keçiriləcək

Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında istedadlı bəstəkar Lalə Cəfərovanın "Bir Xəzər əfsanəsi"  baletinin premyerası keçiriləcəkdir. Balet tamaşasının libretto müəllifi də L.Cəfərovadır. 

News24.az xəbər verir ki, L.Cəfərova Azərbaycan Bəstəkarlar İttifaqının  üzvü, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi, respublikanın Əməkdar müəllimidir.  O bir simfoniya,  fortepiano və simfonik orkestr üçün  iki konsert, simfonik  süitalar, kamera, instrumental və caz əsərlərinin, mahnı və marşların müəllifidir. Eyni zamanda bədii-sənədli filmlərə musiqi bəstələmiş, tələbələr üçün beş dərslik yazmışdır. Lalə xanımın əsərləri Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestr və xor kapellasının ifasında səslənmişdir. 

"Bir Xəzər əfsanəsi" baletinin  quruluşçu baletmeysteri Azərbaycanın Xalq artisti, "Zirvə", "Qızıl Dərviş" və "Humay" milli mükafatları laureatı, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.  Tamaşanı dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov idarə edəcəkdir. 

Əsas rollarda balet truppasının  aparıcı solistləri - Əməkdar artistlər Anar Mikayılov, Makar Ferştandt,  gənc  solistlər Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov çıxış edəcəklər.