Hərb Tarixi Muzeyində Həzi Aslanovun 112 illik yubileyi qeyd olundu - FOTO
    • 24-01-2022, 19:00
    • 356

Hərb Tarixi Muzeyində Həzi Aslanovun 112 illik yubileyi qeyd olundu - FOTO

Görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov Azərbaycanın hərb tarixində silinməz iz qoyub. Həzi Aslanov Azərbaycan xalqının yetişdirdiyi ən böyük sərkərdələrdəndir.

News24.az xəbər verir ki, bu fikirlər generalın anadan olmasının 112 illik yubileyi münasibətilə yanvarın 24-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) keçirilən “Cəsur döyüşçü, görkəmli sərkərdə Həzi Aslanov” mövzusunda tədbirdə səsləndirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və İkinci Dünya müharibəsində həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə “Həzi Əhəd oğlu Aslanovun həyat və döyüş yolu” mövzusunda məruzə ilə çıxış edən AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə 1941-1945-ci illər İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu Həzi Aslanovun qəhrəmanlıq nümunələri ilə zəngin döyüş yolundan danışıb, onun şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 34 yaşında Sovet İttifaqı Qəhrəmanı fəxri adına və general-mayor rütbəsinə layiq görülən Həzi Aslanovun adı qəhrəmanlıq rəmzinə çevrilib. Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsinin qəhrəmanlarından olan Həzi Aslanovun adı ən istedadlı sərkərdələrdən biri kimi tariximizə yazılıb.

Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqının qəhrəman övladı, İkinci Dünya müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir. 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanroq, Kursk və daha bir neçə şəhərin faşistlərdən azad olunmasında fəal iştirak edib, misilsiz qəhrəmanlıqlar göstərib.