“Lexus”la Heydər Əliyev prospektində dəhşətli qəza törətdi - MƏKTƏBLİ QIZ ÖLDÜ
    • 28-01-2022, 12:33
    • 1 543

“Lexus”la Heydər Əliyev prospektində dəhşətli qəza törətdi - MƏKTƏBLİ QIZ ÖLDÜ

Ötən ilin 22 avqust tarixində Qəbələ şəhərində 11 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Yardımlı rayon sakini, Bakı şəhər Xətai rayonunda yaşayan 1987-ci il təvəllüdlü Rəvan Rzayev (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Qəbələ rayon Məhkəməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış işin araşdırılması zamanı bəzi məqamlar üzə çıxıb. Bəlli olub ki, Qəbələ şəhər Vahid Qəhrəmanov adına tam orta məktəbin 5-ci sinfində oxuyan 2010-cu il təvəllüdlü Fatimə Hüseynova həmin gün qardaşı və digər dostları ilə yolun kənarına gəlib. Onun qardaşı digər oğlanla yolu keçərək mağazaya daxil olub. Bu zaman 11 yaşlı qız da yolu keçməyə cəhd edib. O, yolun hərəkət hissəsindən keçmək istəyərkən Rəvan idarə etdiyi “Lexus LS460” markalı avtomobillə uşağı vurub. Dərhal maşından düşən sürücü uşağı Qəbələ rayon Mərkəzi Xəstəxanasına aparıb. Daha sonra o, xəsarət almış azyaşlını Bakı şəhərindəki xəstəxanaya gətirib. 11 gün ərzində Bakıda xəstəxanada qalan Fatimə həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

Məhkəmədə ifadə verən Rəvan Rzayev hadisədən 1 gün əvvəl tanışı ilə Qəbələyə istirahətə getdiyini, ayın 22-də isə Laza istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektində qəfil şəkildə uşağın yola çıxdığını və çalışsa da, maşınla onu vurmaqdan yayına bilmədiyini deyib.

Zərərçəkən tərəf də hadisənin qəsdən törədilmədiyini, təqsirləndirilən tərəfin dəymiş maddi ziyanı qarşıladığını və onunla barışdığını bildirib.
Məhkəmə 11 yaşlı qızın ölümünə səbəb olan hadisəni törətmiş sürücünün ailəli, himayəsində 3 azyaşlı övladının olmasını və sair nəzərə alaraq onun 1 il 6 ay müddətinə sürücülük hüququnun məhdudlaşdırılmasına və 3 il 6 ay müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, cəzasını məntəqə tipli müəssisədə çəkməsinə qərar verib.