Vahid Mustafayevin rəhbərliyi ilə "Bir cənub şəhərində" yenidən BƏRPA OLUNDU - FOTOLAR/VİDEO
    • 28-01-2022, 15:05
    • 1 413

Vahid Mustafayevin rəhbərliyi ilə "Bir cənub şəhərində" yenidən BƏRPA OLUNDU - FOTOLAR/VİDEO

ANS Şirkətlər Qrupuna daxil olan "BalANS" studiyası daha bir filmi bərpa edib. 

News24.az-ın məlumatına görə, “Azərbaycanfilm” kinostudiyasının 1969-cu ildə istehsal ediyi “Bir cənub şəhərində” filmi yenidən bərpa olunub.

“Bir cənub şəhərində”nin yenilənmiş versiyasına “Nizami” kinoteatrında baxış təşkil edilib. 

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər. Filmin operatoru Xalq artisti Rasim Ocaqovdur.


ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev  filmin bərpa prosesindən söhbət açıb: “Sovet dönəmində bütün filmlərin neqativləri Moskvada saxlanılırdı. Respublikaların özlərinə isə yalnız pozitivlər verilirdi. Sözsüz ki, həmin lentlərin istismar dövrü var. 1968-ci ildən günümüzə qədər bu lentlərə çox təsirlər olur və pis hala düşürlər. Cəmil Quliyev başda olmaqla Azərbaycan Dövlət Film Fondu bu filmləri qoruyub saxlamağı bacarıblar. Hansı şəraitdə saxlanılmasından asılı olmayaraq, onlar rəqəmsal bərpa olunmalıdır. Bu işlə Azərbaycanda “Balans” Milli Rəqəmsal Bərpa Studiyası məşğul olur. “Bir cənub şəhərində” təmizlənib, bərpa edilən 4-cü filmdir”. 

Xalq artisti Fəxrəddin Manafov film bərpasının vacib iş olduğunu bildirib: “Bərpaya ehtiyacı olan saysız-hesabsız filmlərimiz var. Həmin filmlər bizim kino sahəmizin tarixidir. Bir filmi bərpa etmək üçün 1 gün, 1 həftə, 1 ay bəs etmir. Bu prosesdə ən az 15-20 nəfər çalışır. Gecə-gündüz işləyirlər”. 



Fəxrəddin Manafov aidiyyatı qurumlardan Vahid Mustafayevə dəstək istəyib: “Vahid öz sərmayəsinə bu bərpanı edir. Ancaq çox istərdim ki, Mədəniyyət Nazirliyi və Kinematoqrafçılar İttifaqı da bu prosesdə iştirak edib, öz töhfələrini versinlər”.

Əməkdar artist Tahir İmanov kino sevərlər üçün bu tədbirin böyük bayram olduğunu dilə gətirib: “KVN komandası üçün bu filmin dəyəri böyükdür. Bu film bizim üçün sanki bir dərslikdir. Orada oynayan böyük aktyorların ifasından, geyim tərzindən, hər bir addımından bəhrələnirik və səhnəcəkilərimizdə, komediya layihələrimizdə istifadə edirik. Çox şadam ki, bu filmə ikinci bir nəfəs verilib”.


Rejissor Rövşən İsax təşəbbüsü yüksək qiymətləndirdiyini deyib: “Sevindirici haldır ki, bizim ölkəmizdə də köhnə filmlərin bərpası prosesi gedir. Vahid müəllim başda olmaqla bu işdə əməyi keçən hər kəsə Azərbaycan mədəniyyət və kino incilərini qoruduqları üçün təşəkkür edirəm”. 

Qeyd edək ki, bundan əvvəl BalANS Milli Rəqəmsal Bərpa Studiyası görkəmli rejissor Tofiq Tağızadənin “Mateo Falkone”, “Ulduz”, “Nəsimi” filmlərini bərpa və nümayiş edib. Neqativləri Moskva tərəfindən bizə verilməyən Azərbaycan film incilərinin tam bərpa edilərək xalqa çatdırılması ideyasının müəllifi, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevdir.  

Müxbir: Məhərrəm Əliyev
Foto: Teymur Məmmədov
Video: Nicat Niftəliyev