Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı
    • 28-01-2022, 17:56
    • 530

Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı

10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib.

News24.az
“Kriminalqafqaz”-a istinadən xəbər verir ki, Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Ötən ilin yanvar ayında həbs edildikdən sonra oktyabrın 30-da ev dustaqlığına buraxılıb və noyabrın 5-də xəstəlikdən vəfat edib.

Onun dövlətə vurduğu zərərin ödənilməsi üçün istintaq zamanı 30 milyonluq əmlakı üzərinə həbs qoyulub. Məhkəmə bu gün həmin əmlakların müsadirə edilməsi barədə qərar çıxarıb.

“Kriminalqafqaz” V.Muradovun müsadirə edilən əmlaklarının siyahısını əldə edib. Məlum olub ki, Vidadi Muradovun Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Həmçinin, Vidadi Muradova məxsus “Azər-İlmə” MMC-nin səhm paylarının da müsadirəsinə qərar verilib.

Həmin siyahını təqdim edirik:

1. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi.

2. Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası.

3. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev.

4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evlərin 4 nömrəli mənzili.

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi.

6. Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi.

7. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.

***

Mərhumun vəkili Vüqar Babayev "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, Gəncə prospektində yerləşən mənzillərin sayı birdir. Sadəcə sözügedən mənzil yaşayış komplekslərindən birində yerləşir və onun ünvanı "48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C" kimi qeyd olunur.  

O, həmçinin əlavə edib ki, "Azər-İlmə"nin müsadirə olunan səhmlərinin dəyəri təxminən 11 milyon manatdır.
***

Qeyd edək ki, məhkəmənin hökmü ilə Vidadi Muradovun törətdiyi əməllər sübuta yetirildiyi və onun artıq vəfat etdiyi üçün barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib.