“Azərbaycan millisinin oyununa baxanda ƏSƏBLƏŞİRƏM” - Deputatların FUTBOL SEVGİSİ – SORĞU
    • 3-02-2022, 18:23
    • 987

“Azərbaycan millisinin oyununa baxanda ƏSƏBLƏŞİRƏM” - Deputatların FUTBOL SEVGİSİ – SORĞU

Dünyanın ən sevilən idman növlərindən biri futboldur. Futbol meydançadakı 11 beynin stadiondakı minlərlə, stadiondan kənarda isə milyonlarla azarkeşlə ahəngidir. 

News24.az olaraq biz də qərara aldıq ki, daha çox ciddi məsələlərdə ön plana keçən millət vəkillərinin futbol sevgisini və hansı komandalara azarkeşlik etdiyini öyrənək. 

Milli Məclisin üzvü, “Qarabağ” klubun fəxri prezidenti Aqil Abbas “Qarabağ”a azarkeşlik etdiyini deyib: “İkinci sevdiyim klub isə “Neftçi”dir. Yerli oyunçulardan oyununu ən çox bəyəndiyim Maksim Medvedevdir”.

O, Avropa klublarından İspaniya nəhəngi “Barcelona”nın oyunundan zövq aldığını qeyd edib.

Millət vəkili Azərbaycan millisinin sərgilədiyi oyunla bağlı bunları danışıb: “Bizim milli həmişə zəif çıxış edib. Azərbaycan millisinin yaxşı oyun sərgiləməsi üçün region futbolu inkişaf etməlidir. Bundan əlavə, yüksək liqadakı komandaların sayı artmalıdır”.

Milli Məclisin deputatı Musa Qasımlı dünyanın məşhur klublarının oyunlarına baxdığını deyib: “Yerli klublardan sadəcə “Qarabağ”ın oyunlarını izləyirəm. Öz futbolçularımızdan oyununu bəyəndiyim Mahir Emrelidir”.

Deputat milli komandanın performansına görə təəssüfləndiyini qeyd edib: “Azərbaycan millisinin oyununa baxanda çox vaxt əsəbləşirəm. Millinin oyununu düzəltməyin yeganə yolu uşaq futbolunu inkişaf etdirməkdən keçir”.

Deputat Asim Mollazadə daha çox dünya və Avropa çempionatının oyunlarını izlədiyini deyib: “Milli komandaların oyunu xoşuma gəlir. Azərbaycan və Türkiyə millilərinə azarkeşlik edirəm”.

A.Mollazadə Azərbaycan millisinin uğurlu çıxış etməsi üçün təkliflər irəli sürüb: “Uşaq futbolu inkişaf etməlidir, bölgələrdə istedadlar üzə çıxmalıdır, futbol məktəbləri yaradılmalıdır. Çox iş görülməlidir”. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyənin “Qalatasaray” klubunun azarkeşi olduğunu bildirib: “Azərbaycanda isə “Qarabağ” azarkeşiyəm. 

Xarici oyunçulardan ən bəyəndiyim futbolçu Robert Levandovskidir”. 

O, millinin nəticələri barədə bunları vurğulayıb: “Azərbaycan millisi yaxşı oynamağa borcludur. Beynəlxaq münasibətlərdə böyük bir oyunu strateji qələbə ilə sona çatdırdıq. Bunun adı “Qarabağ Zəfəri”dir. Azərbaycan cəmiyyətinin daxili strukturları bir-birlərinə dəqiq ötürmələr verərək tarixi qələbəyə imza atdılar. Azərbaycan millisi də bu qələbədən nəticə çıxarıb, zəfərdən geri qalmamalıdır. 

Futbolumuzun əsas problemi peşəkarlıq deyil. Bizim millidə fərdi eqo kollektiv eqonu üstələyir. Yəni komanda oyunu yoxdur. Bu problemi aradan qaldıra bilsək, əminəm ki, böyük qələbələr əldə edəcəyik”.

Deputat yerli futbolçulardan ən çox Şahrudin Məhəmmədəliyevin oyunundan zövq aldığını bildirib: “Ona halal olsun, ürəklə oynayır”.

Millət vəkili Fazil Mustafa hər həftə futbol oynadığını dilə gətirib: “ ”Qarabağ” istisna olmaqla heç bir kluba azarkeşlik etmirəm. Yaxşı oyunun tərəfdarıyam. Hazırda dünya futbolundan Məhəmməd Salahın oyunu diqqətimi çəkir. Vaxtilə Aryen Robben bəyəndiyim futbolçu idi. Ronaldo, Messi, Neymar isə futbola öz möhürünü vurmuş futbolçulardı. Yerli futbolçulardan Maksim Medvedevin oyununu müsbət qiymətləndirirəm”.

O, Azərbaycan millisinin zəif çıxış etməsinin obyektiv səbəbləri olduğunu deyib: “Səbəblər çoxdur. Çempionatı düzəltmək lazımdır. İş adamları futbola sərmayə qoymalıdır. Dövlətin himayəsində futbol inkişaf edə bilməz. AFFA-nın fəaliyyəti indiki məqamda qaneedici deyil. Çünki ortada nəticə yoxdur. Düzdür, cəhdlər var. Ancaq bu baza və iş mühiti ilə AFFA da heç nə edə bilməz”. 

Deputat Elman Nəsirov Braziliya futbolunu xoşladığını qeyd edib: “Onlar məğlub olanda belə topla möcüzələr yaradırlar. Braziliyalı futbolçular çox güclü texniki vərdişlərə malik olurlar. Topla sanki rəqs edirlər. 

Özüm isə uşaqlıq illərimdə və Bakı Dövlət Universitetində təhsil alarkən futbol oynamışam. Adətən hücum xəttində yer alırdım. Bir dəfə ayağından ciddi zərbə aldım. Şiş yaranmışdı, 2 aya sağaldı. Beləliklə, futbola əlvida dedim”.

E.Nəsirov Lionel Messinin oyununu sevdiyini bildirib: “Boyunun hündür, fiziki gücünün isə üstün olmamasına baxmayaraq, texniki göstəriciləri ilə özündən iri futbolçuları geridə qoyaraq qolları sıralayır”. 

O, Azərbaycanda futbolun inkişafında çox ciddi problemlər olduğunu deyib: “Biz hələ də bu kollektiv idman növündə özümüzü sübut edə bilməmişik. Bunu təəssüf hissi ilə dilə gətirirəm. Uşaq və yeniyetmə futbolunun inkişafına xüsusi diqqət ayrılmalıdır. Biz milli komandaya xarici mütəxəssisləri gətiririk, ancaq problem öz həllini tapmır. Deməli, çıxış yolu bu deyil. Azərbaycanda geniş futbol məktəbləri şəbəkəsini yaratmaq lazımdır. “Qarabağ” klubu bizi sevindirsə də ümumilikdə ölkə futbolu acınacaqlı haldadır”.