"Azərbaycan və İran bir-birini dəstəkləyir” - SƏFİR
    • 10-02-2022, 12:23
    • 751

"Azərbaycan və İran bir-birini dəstəkləyir” - SƏFİR

"İran qonşu ölkələrlə dostluq münasibətlərinin qurulmasına xüsusi diqqət ayırır. Azərbaycan və İran arasında əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində də inkişaf edir, ölkələr bir-birini dəstəkləyir”.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran Prezidenti İbrahim Rəisinin Türkmənistana səfəri və orada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi çox əhəmiyyətli hadisə idi: “Aşqabad səfəri ölkələr arasında münasibətlərin inkişafında böyük rol oynadı. Prezidentlərin görüşü ikitərəfli münasibətlərdə yeni mərhələnin başlamasına səbəb oldu”.

Seyid Abbas Musəvi deyib ki, kənar qüvvələr olmasaydı, Azərbaycan və İran arasında münasibətlər daha fəal inkişaf edərdi: "Bəziləri mətbuatdan istifadə edərək yalan məlumat yaymaqla ölkələr arasında münasibətləri pozmağa çalışır. Xoşbəxtlikdən süni şəkildə yaradılmış problemləri tez aradan qaldırdıq”. /Report/