Payızlıq əkinlərə görə 61.8 milyon manat subsidiya ödənilib
    • 15-02-2022, 14:14
    • 411

Payızlıq əkinlərə görə 61.8 milyon manat subsidiya ödənilib

Aqrar Kredit və İnkişaf Agentliyi 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb.

Kənd təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159500 fermerə ümumilikdə 61.836.000 manat subsidiya ödənişi həyata keçirilib. Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.   

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edir.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.

Payızlıq əkinlərə görə subsidiyalar təsərrüfat ilinin əvvəlində, fermerlərin aqrotexniki qulluq qaydaları apardığı müddətdə ödənilir. Subsidiyaların fevral-mart aylarında ödənilməsi fermerlərə təsərrüfat fəaliyyəti zamanı vəsaitə olan ehtiyacını təmin edir.

Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçiriləcək. Payızlıq əkinlərə görə subsidiya ödənişlərinin ən optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

AKİA tərəfindən bu gün həmçinin süni mayalanma yolu ilə alınmış buzovlara görə, təsərrüfat sahiblərinə subsidiyaların ödənişi də həyata keçirilib. EKTİS üzərindən 4993 fermerin kartına ümumilikdə 499300 manat subsidiya köçürülüb.

Subsidiyaların ödənişi davam edəcək.