Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu
    • 22-02-2022, 16:18
    • 571

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olundu

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, institutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək.

Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib.

Səhiyyə sahəsininin yeni çağrışlara uyğun inkişafı, tətbiq edilən icbari tibbi sığortaya tibb müəssisələrinin surətli adaptasiyası məqsədilə özəl sektorlarda çalışmış kadrların tabeli xəstəxanalara inteqrasiyası səhiyyə sahəsinə yeni çağın başlanması kimi qiymətləndirilir.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Elviz Qasımovun səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühim əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası ( İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibbdə Uzmanlıq təhsili alıb.

İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır. O, Bakı Sağlamlıq Mərkəzində Ortopediya və Travmotologiya şöbəsinin qurulmasında müstəsna rola malikdir və eyni zamanda fəaliyyətini orada davam etdirir. Səmərəli fəaliyyətinə görə, Elviz Qasımov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Həkim” fəxri adına laiq görülüb.

Tibb üzrə fəlsəfə doktoru E.Qasımovun nüfuzlu tibb jurnallarında bir çox elmi məqaləsi və müxtəlif elmi işləri dərc edilib.

Qeyd edək ki, bundan əvvəl institutun direktoru İlqar Qasımov olub. O, bu ilin fevral ayının 3-də Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.