“Sabah risk edəcəyik” - Qurban Qurbanov - Fotolar
    • 23-02-2022, 12:50
    • 387

“Sabah risk edəcəyik” - Qurban Qurbanov - Fotolar

Sabah UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ” “Marsel”i qəbul edəcək.

News24.az
xəbər verir ki, oyundan əvvəl mətbuat konfransı keçirilib. Tədbirdə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyun öncəsi fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb: "Fransadan gəlmiş qonaqları salamlayıram. Oyuna gəldikdə isə hiss olunur ki, böyük ajiotaj var. Bizim milli çempionatımız yaranandan heç zaman qış fasiləsindən sonra belə oyun olmayıb. Azarkeşlərin marağı hiss olunur. Bizə güvənən hər kəsə təşəkkür edirik. Rəqibə gəldikdə, öz oyun üslubu, öz dəsti-xətti var. Səfərdəki matçdan öncə rəqibi analiz etmişdik. Düşündüklərimizin demək olar, hamısını meydanda gördük. Həmin oyunda rəqibi daha yaxından tanıdıq. Bakıdakı matça üst səviyyədə hazırlaşmağa çalışmışıq. Rəqib son matçda uduzub və bu onu göstərir ki, bizi daha çox ciddiyə alacaqlar. Amma futbolçularımdan ən yaxşı oyunu göstərməyi tələb edəcəm və buna nail olacağımıza da inanıram".


“Marsel”in gücü bəllidir. “Qarabağ”a sabah ən azı 2 top lazımdır. Qələbə üçün nə lazımdır" sualını isə o, belə cavablayıb: "Çətin sual oldu. Ümumiyyətlə, son vaxtlar komandaya fərqli yanaşırıq. Daha böyük uğurlar əldə etmək istəyiriksə, daha çox yaradıcı futbol oynamalıyıq. Bunu indi çox tətbiq etməyə başlamışıq. Azərbaycan futbolu üçün belə addım atmağa başlamışam. Futbolçularda güvən yaranmasını istəyirəm. Xüsusən də, yerli oyunçularda bunun olmasını arzulayıram. Çox yaxşı komandanın qarşısına çıxacağıq və risk edəcəyik. Diqqətli olmaq lazımdır. Azarkeşlərimizdəki inamı geri qaytarmalıyıq. Onlar futbolu sevir. Bizim də uğur üçün xarakterimiz, əzmkarlığımız olmalıdır. Sabah qarşımızda “Marsel” yox, başqa komanda da olsa, hücum edəcəyik".

50 yaşlı mütəxəssis ilk görüşdə (1:3) səhvlərə yol verən gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə söhbətlər apardığını söyləyib: “Futbolçularımın səhvlərini müzakirə etməyi və onların üzrəinə getməyi xoşlamıram. Lukanın üstün cəhətlərindən biri soyuqqanlı olmasıdır. Bunlar texniki səhvlərdir, heç kim sığortalanmayıb. Avropada elə qapıçılar elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə oyunlarda nadir hallarda iştirak etdiyimiz üçün qlobal məsələyə çevrildi. Təkcə bu oyunda yox, əvvəllər də Luka ilə söhbətlərim olub. Hər bir futbolçunun stabilliyi üçün bütün turnirlərdə iştirakı vacibdir. Bu səhvləri daha istəkli, yaxşı məşqlərlə aradan qaldırmaq olar. Futbolçularımız neçə illərdir təcrübə toplayıblar. Quqeşaşvilinin də buna ehtiyacı var. Ona çox irad bildirmədim, üzərinə getmədim. Söhbətimiz oldu, onu psixoloji cəhətdən sabahkı oyuna hazırlamağa çalışdım. Mən ona inanıram. O da fikir edir. Qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçı səhvi həmişə daha çox müzakirə olunur”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Teymur Məmmədov