"İnsanların sevgisi mənim uğurumdur" - Ruhi Əliyeva ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO
    • 3-03-2022, 18:59
    • 1 890

"İnsanların sevgisi mənim uğurumdur" - Ruhi Əliyeva ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Liatris Holding"-in rəhbəri, iş xanımı Ruhi Əliyeva gənclərlə görüşüb. 

News24.az-ın məlumatına görə, görüş Binəqədi Gənclər Evində baş tutub.

Tədbirdə 30-dan çox gənc iştirak edib.

Gənclər Evinin "Fəxri Qonaq" layihəsinə dəvət olunan Ruhi Əliyeva ona ünvanlanan sualları cavablayıb. O, söhbət əsnasında bir çox mövzulara aydınlıq gətirib və gənclərlə həmsöhbət olub.


İş xanımı əvvəlcə gənclərin ictimai-siyasi həyatdakı rolunu yüksək qiymətləndirdiyini deyib və onlara bəzi tövsiyələr verib: “Gənclər bizim gələcəyimizdir. Son zamanlar onları çox aktiv və kreativ görürəm, həyata baxışlarını müsbət dəyərləndirirəm. Bu, bir azərbaycan vətəndaşı kimi məni çox şad edir. Həmçinin gənclərimiz çox cəsurdular. 44 günlük Vətən müharibəsi bunun sübutudur. İkinci Qarabağ müharibəsindən sonra xalqımı bir daha sevdim. 

Gənclərə demək istəyirəm ki, təhsilə çox ciddi önəm verin. Xüsusilə, qızlar üçün təhsil vacibdir. Təhsil alın, özünüzü inkişaf etdirin ki, gələcəkdə müəyyən şiddətlərə məruz qalmayasınız”.


Ruhi Əliyeva daha sonra uşaqlıq illəri ilə bağlı verilən sualı cavablandırıb: “Tovuzun Aşağı Eyyublu kəndində doğulub, boya-başa çatmışam. Hər zaman demişəm: Tovuz mənim cənnətimdir. Uşaqlıq illərim çox maraqlı keçib. Diqqət edirəm ki, indiki uşaqların günləri elə maraqlı keçmir. Bəlkə də bu, dövrlə bağlı məsələdir. Texnologiya üstünlük təşkil edir, uşaqlar sosiallıqdan kənarlaşır. Biz uşaq vaxtı “klas-klas”, “yeddi şüşə”, “ortada qaldı”, basketbol, hətta bəzən qızlar olaraq futbol oynayırdıq. Çox aktiv uşaqlığım olub. Uşaq vaxtı çox dəcəl olmuşam. Bəzən rəhmətlik əmim deyirdi ki, “bu qızın daxili görünüşü ilə xarici eyni deyil”. Daxilimdə sanki bir oğlan var idi. Uşaqlıqdan çox insansevər olmuşam. Bundan əlavə, heyvanları çox sevirəm”.

O, bəzi səmimi etiraflar da edib: “Qıraqdan elə görünür ki, qarşıma daim yaxşı insanlar çıxır. Amma bu, belə deyil. Əslində naxələf insanlar da çoxdur. Beş barmağın beşi də bir deyil. Qarşımıza daim müxtəlif insanlar çıxır və çıxacaq. Bu, xüsusilə, gənclərə aiddir: həyatınıza daxil olan insanları seçərkən daha diqqətli olmalısınız. Dost və insan seçimində çox yanılmışam. İstərdim ki, heç bir gənc yanılmasın. Qadınları çox sevirəm. Həyat prinsipim də onların yanında olub, əlimdən gələn dəstəyi verməkdən ibarətdir. Biz hisslərimizlə yox, ağlımızla həyatıma daxil olan şəxsləri seçsək, daha yaxşı olar. Amma bunu insan zamanla anlayır”. 


İş xanımı dəb mövzusu ilə bağlı da düşüncələrini bölüşüb: “Tam pafossuz deyirəm, mənim üçün dünyanın ən dəbli, ən gözəl, ən bacarıqlı, ən savadlı xanımı Azərbaycan qadınıdır. Hər bir xalqa hörmətim var. Amma onlar bizim xanımlar qədər baxımlı deyil. Diqqət edin, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva necə dəbli geyinir. Heç bir dövlətin birinci xanımı bizim birinci xanım qədər gözəl, səliqəli, dəbli və səhmanlı geyinmir. Bizim əksər xanımlarımız da geyiminə, davranışına, mərhəmətinə görə Mehriban xanımdan ilham alırlar. Fikrimcə, zövqlü olmağın maddi durumla heç bir əlaqəsi yoxdur. Sonradan zövq qazanmaq mənə real görünmür. Hesab edirəm ki, insan zövqlü doğulmalıdır. Ya zövlü insan var, ya da yoxdur”. 

Daha ətraflı reportajı təqdim edirik: 

Video: Nicat Niftəliyev
Montaj: Adil Ağayev

Foto: Nuran Məmmədov