Baş meteoroloqla BİR GÜN - REPORTAJ – FOTO/VİDEO
    • 23-03-2022, 10:09
    • 1 449

Baş meteoroloqla BİR GÜN - REPORTAJ – FOTO/VİDEO

Yəqin ki, hava xəbərlərini izləyərkən bu cümləni tez-tez eşidirsiniz: “Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə”. Bəli, bu gün məhz onların günüdür. Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hər il martın 23-ü Ümumdünya meteorologiya günü kimi qeyd olunur. 



Bu səbəbdən də News24.az-ın əməkdaşları metereoloqların qonağı olub.

Xidmətin rəisi Umayra Tağıyeva bizi gülərüz qarşılayaraq bu fikirləri bölüşüb: “Ümumdünya Meteorologiya Təşkilatı 23 mart 1950-ci ildə yaranıb və hər il qeyd olunur. Bundan əlavə, ölkəmizdə bayram həftəsidir, qeyri-iş günüdür, ancaq buna baxmayaraq, hidrometeorologiya fasiləsiz çalışan sahələrdən biridir. Bizim istər şəbəkədə, istərsə də mərkəzdə fəaliyyət göstərən işçilərimiz bu gün də iş başındadır. Çünki dünyada hava üzərində müşahidələr eyni vaxtda və fasiləsiz olaraq təmin edilməlidir”.


O, metereoloji şəbəkənin bütün ölkəni əhatə etdiyini deyib: “60-dan çox operativ formada fəaliyyət göstərən metereoloji stansiya və məntəqələrimizdən 7 stansiyanın məlumatı beynəlxalq yayıma, 10 stansiyanın məlumatı isə regional yayıma təqdim olunur”.

U.Tağıyeva qarşıdakı dönəmdə reallaşacaq planlardan da danışıb: “Ümumdünya Meteorologiya Təşkilatının tövsiyələrinə uyğun olaraq 2030-cu ilə qədər ölkələrdə erkən xəbərdarlıq sisteminin yaradılması əsas şərtlərdən biri hesab olunub. Biz artıq Azərbaycanda bu start vermişik. Ən son nəsil radarlar Şamaxı və Göygöl rayonlarında işə başlayıb. Müasir dopler radar sisteminin Azərbaycana gətirilməsi bizə imkan yaradır ki, ən azı üç-dörd saat öncə sistemin quraşdırıldığı regionlarda baş verə biləcək intensiv yağıntılar, qar və dolu proseslərinin proqnozunu dəqiqliklə verə bilək. Bu sistemlərin işğaldan azad edilən ərazilərdə də quraşdırılması planlaşdırılır”. 


Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev qeyd edib ki, yerli çayların və ölkəmizdə daxil olan transsərhəd suların keyfiyyətini və miqdarını ölçmək üçün mütəmadi monitorinq aparılır: “Məntəqələrdən hər gün ölkənin çaylarının su resursları barədə məlumatlar toplanır”.


Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, proqnozlar hazırlanarkən peyk, radar və bir çox məlumatlardan istifadə olunur: “Hava şəraitində hər hansı bir dəyişiklik olarsa, iki-üç gün öncədən əlaqədar təşkilatlara və KİV-ə məlumat veririk”.


Milli Hidrometeorologiya Xidmətinin Monitorinq mərkəzinin rəisi Gülnarə Abbasova atmosfer havasının keyfiyyəti üzrə avtomatik stansiyalardan daxil olan məlumatların vizuallaşdırılması işini həyata keçirdiklərini deyib: “Daxil olan məlumatların təhlili və qiymətləndirilməsi aparılır. Hava keyfiyyətində dəyişiklik olarsa, bununla bağlı əhaliyə xəbərdarlıqlar hazırlayırıq”.

Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev