Azərbaycanda dəhşətli HADİSƏ - İftara gedən dostlar öldü
    • 24-03-2022, 13:26
    • 1 904

Azərbaycanda dəhşətli HADİSƏ - İftara gedən dostlar öldü

2020-ci ilin 2 may tarixində Göyçay rayonunun Cəyirli kəndində 3 avtomobilin toqquşması nəticəsində 2 nəfərin öldüyü hadisə ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb.

News24.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində “Daewoo Gentra” markalı avtomobilin sürücüsü, 1970-ci il təvəllüdlü R.Abdullayev barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi martın 14-də başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda R.Abdullayeva bəraətə verilib və onun cinayət əməli törətməməsi bildirilib.
Məlum olub ki, hadisə baş verən gün R.Abdullayev Bakıya taksi xidməti göstərdiyi avtombillə 3 sərnişini ilə hərəkətdə olub. Onun sürdüyü avtomobil Ucar-Göyçay yolunun Cəyirliən keçən hissəsində marketin qarşısından keçəndə Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil qəfil dönmə manevri edib. Saatda təxminən 80 kilometr sürətlə hərəkət edən R.Abdullayevin avtomobili həmin maşına çırpılıb, daha sonra yolun kənarındakı digər minik avtomobilinə dəyərək dayanıb. Hadisə nəticəsində Ə.Babayev hadisə yerində ölüb, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, A.Allahverdiyevin həyatını xilas etmək mümkün olmayıb.

O da məlum olub ki, Ə.Babayev hadisə vaxtı dostları ilə iftar məclisinə gedirmiş və onlar yolda marketə dönərək iftar üçün qida məhsulları almaq istəyiblər. Nəticədə baş verən qəzada Ə.Babayevlə dostu Aqşin Allahverdiyev vəfat edib. Onun digər dostu isə xəsarət alıb.