Şuşada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirildi
    • 5-04-2022, 18:23
    • 1 457

Şuşada QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirildi

Şuşa şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Agentlikdən News24.az-a verilən məlumata görə, iclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib.

O, "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb.

İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulayıb, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirib.

Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.