DİN əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO/FOTO
    • 8-04-2022, 14:45
    • 321

DİN əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO/FOTO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və tanışı Gülnarə Nəsirova saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində keçirilən daha bir tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlanmaqda şübhəli bilinən Bəhmən İbrahimov saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 1 ədəd "TT" markalı tapança, 8 ədəd patron və patron darağı aşkar olunub.

Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.