Su Forumunda Ermənistanın Oxçuçayı çirkləndirməsi  ilə bağlı çağırış edildi
    • 25-04-2022, 19:00
    • 251

Su Forumunda Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı çağırış edildi

Yaponiyanın Kumamoto şəhərində hibrid formatda su resurslarının idarəçiliyinin təkmilləşdirilməsinə həsr olunmuş IV Asiya-Sakit Okean Su Forumu keçirilib.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Bildirilib ki, iclasda bir sıra ölkələrin dövlət başçıları, hökumət nümayəndələri, aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Foruma onlayn formatda qoşularaq transsərhəd çayların idarə olunması ilə bağlı qonşu ölkələrlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyini vurğulayıb.

Eyni zamanda Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində Oxçuçayın kəskin çirklənməyə məruz qaldığını bildirib və bunun qarşısının alınmasında dəstək göstərilməsi məqsədilə beynəlxalq təşkilatlara və Forum iştirakçılarına çağırış edib.