Qarabağ veteranı maşınla süpürgəçini vurub öldürdü
    • 26-04-2022, 17:26
    • 432

Qarabağ veteranı maşınla süpürgəçini vurub öldürdü

4 ay əvvəl Sumqayıtda idarə etdiyi “Opel” markalı avtomobillə süpürgəçi qadını vurub öldürən 1971-ci il təvəllüdlü A.Cəfərova hökm oxunub.

News24.az-ın məlumatına görə, Sumqayıt şəhər Məhkəməsi 1951-ci il təvəllüdlü T.Məmmədovanın ölümü ilə nəticələnən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə açılmış işə baxıb. Məhkəmənin hökmü ilə Birinci Qarabağ Müharibəsi veteranı olan A.Cəfərov 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını məntəqə tipli müəssisədə çəkməyə məhkum edilib.

Qeyd edək ki, hadisə dekabrın 5-i saat 06 radələrində şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.

Belə ki, A.Cəfərovun idarə etdiyi “Opel Astra” markalı avtonmobil hərəkətdə olan zaman piyada, 1951-ci il təvəllüdlü T.Məmmədovanı vurub. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb. 

Vəfat edən qadın Sumqayıt Təmizlik Depertamentinin xadiməsi – süpürgəçi olub və hadisə baş verərkən - səhər sübh vaxtı yolu süpürürmüş.