""Vərdiş" Narkotikə YOX de!" filminin təqdimat mərasimi keçirildi - FOTO/VİDEO
    • 29-04-2022, 16:26
    • 891

""Vərdiş" Narkotikə YOX de!" filminin təqdimat mərasimi keçirildi - FOTO/VİDEO

28 aprel 2022-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində "“Vərdiş" Narkotikə YOX de!" adlı qısametrajlı filmin təqdimatı keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, universitetin tələbə və müəllim heyəti iştirak edib.

Tədbiri layihənin kordinatoru Kənan Qubadzadə açaraq bildirib ki, 3 aylıq layihə çərçivəsində əsas məqsəd qısametrajlı film vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması ilə bağlı  maarifləndirməkdir: "Narkotik asılılıq bütün dünyanı narahat edən bir bəla, bir fəlakətdir. Hazırda bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bununla ciddi mübarizə aparılır. Bu yöncə maarifləndirici proqramlar, layihələr həyata keçirilir. Biz də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ""Vərdiş" Narkotikə YOX de" adlı layihə həyata keçirdik. Ümin edirik bu layihə narkotiklə mübarizədəçox yararlı və faydalı olacaq".
Kənan Qubadzadə onu da qeyd edib ki, gənclərin narkomaniya bəlasına düşməməsində ailənin önəmi böyükdür: "Elə “Vərdiş” filmi də bunu göstərir. Filmdə bir gəncin ailə məsuliyyətsizliyindən narkomaniya bəlasına düşməsi təsvir olunub".  

Daha sonra millət vəkili Vüqar İskəndərov bildirib ki, bu, təkcə Azərbaycanı yox, bütün dünyanı narahat edən qlobal problemdir: "Statistikaya baxanda görürük ki, tədbirlər görülməsinə baxmayaraq, göstəricilər azalmır, bir çox regionlar var ki, orada hətta artım da müşahidə olunur. Narkomaniya ilə mübarizə aparmaq üçün bu prosesdə ən əsas məsələ gənclərimizin sağlam həyata şövq edilməsidir. Düşünürəm ki, həyatda uğur qazanan insanlar heç vaxt narkotikə aludə olmur. Ona görə də çalışmaq lazımdır ki, gənclərimiz sağlam həyata alışsın, uğurlu insan olmaq üçün bu zərərli vərdişlərdən uzaq olsunlar.”

"Liatris Holding"-in rəhbəri, iş xanımı Ruhi Əliyeva isə çıxış edərək hər bir gənci sağlam, təhsilli, zərərli vərdişlərdən uzaq görməyi arzuladığını deyib: “Narkomaniya elə bir kabusdur ki, insanlıq, gələcək üçün təhlükə, ciddi təhdiddir. Bu, dağılan ailələr, məhv olan gənclik, xəstə doğulan övladlar deməkdir. Bu, yaşaya-yaşaya ölmək deməkdir. Hər gün  bu bəlaya düçar olub cinayət törədən neçə-neçə insanlar haqda məlumatlar oxuyuruq. Bu mərəzdən həm öz, həm də yaxınlarının ömrünü zəhərləyənləri görürük. Bu bəla ilə mübarizə aparmaq yalnız dövlət qurumları, hüquq-mühafizə orqanlarının işi deyil. Bununla biz cəmiyyət, hər bir fərd mübarizə aparmalıdr. Hər birimizin bu işə qatqısı, bir dəstəyi olmalıdır".

İş xanımı onu da bildirib ki, son zamanlar bu bəlaya düçar olan qadınlar durumu, onların azyaşlı övladlarını da bu işə vasitəçi olmağa vadar etmələri onu ciddi narahat edir: "Neçə narkoman valideynlərin fiziki qüsurlu övladlarının dünyaya gəldiyini görürəm. O körpələr atalarının, analarının məsuliyyətsiz addımının, narkotik asılılığının qurbanıdır. Sosial şəbəkələrdə neçə-neçə qadının övladlarını narkotik maddə almaq üçün dilənməyə vadar etdiyi haqda videolara, məlumatlara rastlayırıq. Bunlar çox ciddi narahatlıq doğuran məsələlərdir. Azərbaycan qadını hər zaman isməti, abırı, analığı, fədakarlığı ilə örnək olub. İndi isə bir qadının narkotik maddə almaq üçün uşağını diləndirməsi şəxsən bir ana kimi mənim üçün ağırdır. Mən gənclərimizə səslənirəm ki, ətrafınızda bir  nəfər də olsa, bu bəlaya düçar olan insan görəndə ona öz tövsiyə verin, bu yoldan çəkindirməyə çalışın. Ona dost, yaxın adam kimi əl uzadın, bu girdabdan çıxmasına dəstək verin. Çünki insanlar sevgi və şəfqətlə bir- birinə əl uzadanda bütün bəlaların öhdəsindən gəlmək olur.”

Millət vəkili Jalə Əhmədova da aparılan araşdırmaların atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayının azalmadığını bildirib: "Narkomaniya sağlam gələcəyimiz, sağlam nəsiln yetişməsinə ciddi əngəldir. Gənclərimizin bu təhlükədən uzaq olmaları üçün marifləndirici proqramların, filmlərin çox böyük əhəmiyyəti var. Amma bunlarla yanaşı ailənin də bu məsələdə ciddi dəstəyi olmalıdır. Bilirəm, valideynlər səhərdən axşamadək çalışırlar, qazanc ardınca gedirlər. Amma ata-ananın  gün ərzində övladının nələrlə məşğul olduğunu, kimlərlə ünsiyyət qurduğunu bilmirsə, onun qazancının nə faydası, nə anlamı var?! Axşam gəlib uşağına vaxt ayıra bilmirsə, onun zəhmətinin heç bir nəticəsi olmayacaq. Bu mənadagənclərin zərərli vərdişlərdənuzaq durmalarında ailələrində rolu çox əhəmiyyətlidir". 

Millət vəkili Müşfiq Cəfərov isə bu işdə ailənin rolunun vacibliyindən danışıb: "Narkomaniyadan uzaq olmaqda önəmli məsələlərdən biri ailənin dəstəyi, sevgisidir. Bəzən valideynlər qazanc arxasınca gedir və uşağın  ətrafı, dostları ilə maraqlanmırlar. Nəticədə uşaqlar pis mühitə düşür.  Düşünürəm ki, hər bir uşağın ətrafı sağlam düşüncəli insanlarla əhatələnməlidir."

Millət vəkili onu da qeyd edib ki, narkomaniya ilə mübarizədə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları ciddi iş aparır. Bu mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir". 

Tədbirin sonunda təşkilatçılar "Narkomaniya ilə mübarizədə maarifləndirmə işinə verdiyi dəstəyə görə" iş xanımı Ruhi Əliyevanı, iştirakçı millət vəkillərini və bir neçə media qurumunu mükafatlandırdı. Onlar arasında News24.az-da var.

Müxbir: Qumral ƏLİYEVA
VİDEO/FOTO: Nicat NİFTƏLİYEV