Bakıda “Bolt” sürücüsü dəhşətli qəzaya səbəb oldu – ÖLƏN VAR
    • 10-05-2022, 18:55
    • 262

Bakıda “Bolt” sürücüsü dəhşətli qəzaya səbəb oldu – ÖLƏN VAR

2020-ci ilin 15 dekabrında pytaxtın Nəsimi rayonunda Emil Həşimovun idarə etdiyi “Renault” və Z.Şərifovun idarə etdiyi “Hyundai” markalı avtomobillərin toqquşduğu qəzanın təfərrüatı məlum olub.

News24.az-ın məlumatına görə, E.Həşimov aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə nəticələnən qəzanın Masallının Boradigah qəsəbəsinin sakini olan 1994-cü il təvəllüdlü taksi sürücüsünün ucbatından baş verməsi məlum olub.

Araşdırmalar nəticəsində məlum olub ki, həmin vaxt Azər Əliyev küçəsi ilə Həsən Əliyev küçələrinin kəsişməsində “Bolt” sisteminə qoşulmuş “Ravon Nexia” markalı taksinin sürücüsü svetaforun qırmızı işığında qəfil yolu keçir. Bu zaman öz hərəkət zolaqları ilə gedən digər avtomobillər üçün qəza şəraiti yaranıb və “Reanult” ilə “Hyundai” toqquşub. “Bolt” taksisini sürən şəxs isə heç nə olmamış kimi hərəkətinə davam edərək uzaqlaşıb. Nəticədə Emil Həşimov hadisə yerində vəfat edib.

Hadisədən bir neçə gün sonra dəhşətli qəzaya səbəb olan taksi sürücüsünün kimliyi müəyyənləşdirilib və o, tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə iş açılıb.

İşə Nəsimi rayon Məhkəməsində baxılıb. Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmədə Emil Həşimovun qardaşı çıxış edərək bildirib ki, Vətən Müharibəsində iştirak edib və 2020-ci ilin dekabrında komandiri onu çağıraraq məzuniyyətə getməli olduğunu deyib: “Mən məzuniyyətə çıxmaq istəmirdim, xidmətə davam etmək istəyirdim, lakin məni məcburi evə göndərdilər. Yolda olanda bildim ki, qardaşım qəzada vəfat edib. Bakıda müstəntiqlə görüşdə taksi sürücüsünün ağır qəzaya səbəb olaraq qaçdığını və tutulacağını dedi”.

Ölümlə nəticələnən qəzaya səbəb olan sürücüyə 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.