Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada anılıb
    • 12-12-2018, 10:18
    • 1 288

Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada anılıb

Azərbaycanın Kolumbiyadakı səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Müvəqqəti işlər vəkili Həmid Zeynalov tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edib. Qeyd edib ki, Azərbaycanın müstəqil dövlət kimi formalaşması bütün həyatını xalqının tərəqqisinə həsr edən Ümummilli Liderimizin əzmkar fəaliyyətinin nəticəsində mümkün olub, məhz ulu öndər Heydər Əliyevin sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb.
Ulu Öndərin əziz xatirəsinin ölkəmizdə və onun hüdudlarından kənarda ehtiramla yad edildiyini bildirən Həmid Zeynalov ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ümummilli Liderin müdrikliyi və apardığı düzgün siyasət sayəsində Azərbaycan qısa müddət ərzində bütün təhlükələrdən qurtularaq sabitlik, inkişaf dövrünə qədəm qoydu.
Bu gün Azərbaycanın Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini xüsusi qeyd edən diplomat son illər ölkəmizin qazandığı mühüm nailiyyətlər barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Türkiyənin Kolumbiyadakı səfiri Ece Öztürk Çil Heydər Əliyevin türk dünyasının ən böyük liderlərindən biri olduğunu söyləyərək deyib: “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur. Türkiyə-Azərbaycan qardaşlığını möhkəm təməllər üzərində quran və inkişaf etdirən bu dahi şəxsiyyətdir”.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

//AZƏRTAC