Xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb
    • 11-05-2022, 15:07
    • 332

Xaricdə təhsil alan 90 nəfərin diplomu tanınmayıb

Aprel ayı üçün xarici diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən News24.az-a verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 270-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 90 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 42, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 25, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 128, Rusiya Federasiyasından 77, Ukraynadan 69, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 15, digər ölkələrdən isə 48 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 39, iqtisadiyyat üzrə 30, biznesin idarə edilməsi 24, tibb 20, menecment üzrə 18 nəfər müraciətçi qeydə alınıb.