"Direktorların bu addımı qanunvericiliyə ziddir" - Təhsil ekspertləri ittiham edir
    • 16-05-2022, 19:05
    • 803

"Direktorların bu addımı qanunvericiliyə ziddir" - Təhsil ekspertləri ittiham edir

“Şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı çoxsaylı şikayətlər daxil olur”.


News24.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov şəxsi Facebook səhifəsində yazıb:  O, fikirlərini belə əsaslandırıb:  “Əziz məktəb direktorları, zəhmət olmasa, bunu oxuyun, sabah ətraflı, xüsusilə də, bu hallara yol verən məktəb direktorları barəsində ayrı-ayrılıqda adlarını qeyd edərək yazacam. Deməli, IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı "qərar" verdiyiniz barədə çoxsaylı şikayətlər daxil olur. Deyirsiniz ki, Təhsil nazirliyi tapşırıq verib nəticəsi zəif olanlar peşə təhsilinə yönəldilsin. Yaxşı edirsiniz, amma düz etmirsiniz. Siz elə bilirsiniz ki, icbari təhsil 9 illikdir, yəni şagirdlərin 9-cu sinifə qədər gəlməsi məcburi, ondan sonra sizin xoşunuza görədir? Xeyir əziz direktorlar, bu belə deyil. 9-cu sinifə qədər təhsil icbari (məcburi), ondan sonra isə könüllü, yəni şagirdlərin nəticələrindən asılı olmayaraq, öz istəkləri ilə tam orta təhsil (10,11) oxuya bilərlər. Şagirdlərin nəticələrinin zəif olmasına görə isə, əlbəttə ki, günahkar sizsiniz. 9 il o şagirdlərə görə əmək haqqı alıbsınız. Şagirdlərin təhsil alma hüququnu məhdudlaşdırmağa heç kim sizə ixtiyar verməyib”.

Digər təhsil eksperti Elçin Əfəndi də həmkarının fikirləri ilə şərikdir. O  bildirib ki, direktorlar zəif nəticə göstərən şagirdlərin məktəbin nüfuzunu aşağı saldığını əsas gətirərək, bu addımı atırlar. Ekspert eyni zamanda bu halların qanunvericiliyə zidd olduğunu da vurğulayıb: “Direktorlar ümumi baxış zamanı zəif nəticə göstərən şagirdlərin məktəbin ümumi reytinqini aşağı salacağını düşünərək, bu addımı atırlar. Əvəzində isə kimdənsə pul alaraq yeni şagird qəbulu həyata keçirirlər. Əgər şagird 9-cu sinifə qədər təhsil alıbsa, onun 10-11 ci sinifdə də təhsil almaq hüququ var. Şagird könüllü, yaxud da hansısa səbəbdən təhsilini dayandırmırsa, direktorların onları məktəbdən uzaqlaşdırmağa haqqı yoxdur. Əgər şagird 9-cu sinifə qədər təhsil alıb və imtahanda müsbət nəticə əldə edə bilməyibsə, burada günahkar həm də direktorun özüdür. Deməli, onun direktorluğu dövründə təhsildə uğurlu nəticə əldə olunmayıb, yaxud müvafiq işlər düzgün həyata keçirilməyib”.

Ekspertlərin gündəmə gətirdiyi fikirlərlə bağlı Təhsil Nazırliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq. 
Sektor müdiri bildirdi ki, yayılan məsələdən məlumatlıdır: "Təhsil almaq istəyən heç bir şagirdi direktor, yaxud başqa biri təhsildən kənarlaşdıra bilməz. 9-cu sinifə qədər təhsil icbaridir. 10-11-ci siniflərdə isə şagird könüllü şəkildə oxuya, yaxud bundan imtina edə bilər. Əgər şagird təhsil almaq istəyirsə və könüllü bundan imtina etmirsə, onun zorla məktəbdən kənarlaşdırılması söhbəti ola bilməz. Əgər belə bir fakt varsa, Təhsil Nazirliyi bunu araşdıracaq.”

Qumral ƏLİYEVA