Emin Əmrullayev: "Basketbolun süni və şişirilmiş nəticələrlə inkişafını istəmirik"
    • 17-05-2022, 12:14
    • 354

Emin Əmrullayev: "Basketbolun süni və şişirilmiş nəticələrlə inkişafını istəmirik"

Azərbaycan Basketbol Federasiyasının (ABF) “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbiri keçirilib.

News24.az xəbər verir ki, mərasimdə federasiyanın prezidenti Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, həmçinin federasiya və nazirlik nümayəndələri iştirak edib.

Tədbirdə federasiyanın son 5 ayda gördüyü işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqda hesabat verilib.

Tədbirdə çıxış edən federasiya prezidenti Emin Əmrullayev təhsil sistemi ilə basketbolun vəhdətinin təşkili üçün çalışdıqlarını söyləyib: “Federasiya olaraq basketbol idman növünün süni və şişirdilmiş nəticələrlə inkişaf etməsini istəmirik. Gənc idmançıların qarşısına adətən müəyyən yaşda seçim imkanı verilir: ya idmanı, ya da təhsili seçmək. Bu, kifayət qədər çətin seçimdir. Düşünürəm ki, bu problemi mütləq həll etməliyik. Bütün idman növlərində yalnız fiziki güclə uğur qazanılmır. Burada intellekt də önəmlidir. Yeniyetmələrimizi belə ağır seçim qarşısında qoymamalıyıq”.

O bildirib ki, peşəkar idmanla məşğul olanların təhsildən də ayrı qalmamaları üçün model formalaşdırmaq mümkündür: “Təhsil nazirliyi olaraq məktəblərdə basketbolun inkişaf etdirilməsi bizim məqsədlərimizdən biridir. Dünyada uşaq basketbolu sahəsində tanınmış mütəxəssisləri də cəlb etmək istəyirik. Onlarla qısamüddətli deyil, uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik. Hər şey istədiyimiz kimi gedərsə, 5-6 ildən sonra 16-17 yaşlılardan ibarət komandalarımız fərqli nəticələr göstərəcək. 5 il ərzində daim beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edən komanda formalaşdıra bilərik”.

Emin Əmrullayev hər il ölkə çempionatının təşkilini planlaşdırdıqlarını vurğulayıb: “Ali təhsil müəssisələrində komandaların daha da peşəkar şəkildə çalışmasını istəyirik. Bunun üçün xüsusi təqaüdlər də ayrıla bilər. Azərbaycan millisində yer alan basketbolçuları bəlkə də, təhsil müəssisələrinə qəbul edə bilərik. Bu, istər-istəməz digər uşaqlarda da həvəs yaradacaq”.

Federasiya rəhbəri Azərbaycan millisinin hazırkı durumunun ürəkaçan olduğunu söyləyib: “Bizim yaxşı komandamız var. Təbii ki, gələcəkdə gözləntimiz daha yüksək olacaq. Əsas məqsəd prosesləri düz qurmaqdır. Addım-addım, dayanıqlı şəkildə ümumi nəticələrə doğru irəliləməliyik. Təlim-məşq toplanışlarında əldə olunan nəticələr bizi sevindirir”.

Qumral Əliyeva
FOTO: Teymur Məmmədov