Rusiyada  kimya fabrikində yanğın baş verib
    • 17-05-2022, 14:46
    • 294

Rusiyada kimya fabrikində yanğın baş verib

Rusiyada qablaşdırma və plastik məhsullar istehsal edən kimya fabrikində baş verən yanğında 2 min kvadratmetr sahə külə dönüb.

News24.az İHA-ya istinadən xəbər verir ki, Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimya zavodunda yanğın baş verib. Səhər saatlarında 2 mərtəbəli fabrik binasının birinci mərtəbəsində başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinə bağlı çoxlu sayda yanğınsöndürən göndərilib.

Böyük miqdarda kimyəvi maddələrin saxlandığı fabrikdən yüksələn alov və qara tüstü şəhərdə böyük çaxnaşmaya səbəb olub. Xilasetmə qrupları fabrikdə olan 6 işçini təxliyə edib.

Kimyəvi maddələrin təsirindən sürətlə böyüyən alov fabrikin digər mərtəbələrinə də keçib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində 2 min kvadratmetrdən çox ərazinin tamamilə külə çevrildiyini açıqlayıb. Rayon prokurorluğu yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlayıb.