Bu il 92 uşaq övladlığa götürüldü

Bu il 92 uşaq övladlığa götürüldü
SOSİAL

20-05-2022, 11:57

Mətn ölçüsü

Bu ilin ötən dövründə 51-i oğlan, 41-i isə qız olan 92 uşaq övladlığa götürülüb.

Bu barədə News24.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, onlardan 58-i 0-3 yaş, 26-sı 4-11 yaş, 8-i 12-18 yaş aralığındadır.

Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin qurulması təmin edilib.

Uşaqlar övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarət həyata keçirilir. Övladlığa götürülən uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə onların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün monitorinqlər aparılır.

Bu ilin ötən dövründə sosial xidmət müəssisələrindən 42 uşaq da öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 15-i qız, 27-si oğlandır. Ailəsinə qaytarılmış uşaqlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Reinteqrasiya edilmiş uşaqların 3-ü 0-3 yaş, 8-i 4-6 yaş, 16-sı 7-12 yaş, 15-i 13-18 yaş aralığındadır.