"Deyəsən, imtahan qaydalarını kefinizcə dəyişməyə vərdiş etdiniz" - Təhsil eksperti DİM-i İTTİHAM ETDİ
    • 23-05-2022, 16:22
    • 335

"Deyəsən, imtahan qaydalarını kefinizcə dəyişməyə vərdiş etdiniz" - Təhsil eksperti DİM-i İTTİHAM ETDİ

22 may 2022-ci il tarixində II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından kənarlaşdırılan abituriyentlərin növbəti imtahana buraxılmayacağı haqda DİM-in dünənki qərarını təhsil eksperti Kamran Əsədov tənqid edib.

News24.az xəbər verir ki, ekspert bu haqda sosial şəbəkədə paylaşım edib. O bildirib ki, DİM-in bu qərarı yanlışdır: " Bildiyiniz kimi, 22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. Bu normal xəbərdir. Amma normal olmayan bundan sonra başlayır. 

Birinci normal olmayan hal abituriyentlər tərəfindən edilib. 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb. Bəli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu QAYDALARI və DİM tərəfindən hər bir abituriyentə verilən YADDAŞ KİTABÇASINDA deyilir ki, imtahan iştirakçısı kənar köməkçi vasitələri imtahana gətirməməlidir və imtahanın gedişini pozan hərəkətlətə yol verməməlidir. Bunlar baş verərsə, o imtahan iştirakçısının həmin imtahan nəticəsi LƏĞV OLUNUR. İndi isə İKİNCİ normal olmayan hal: DİM dünən məlumat yayıb ki, o 6 nəfərin növbəti imtahanda iştirakı da məhdudlaşdırılacaq! Hörmətli DİM, nəyə əsasən? Deyəsən, imtahan qaydalarını kefinizcə dəyişməyə vərdiş etdiniz. XİN-ə keçirilən imtahanda bunu etdiniz, hələ də məhkəmə davam edir, səhviniz artıq isbat olunur. Yüksəliş müsabiqəsi ilə bağlı 1 dənə ekspertinizi qabağıma çıxara bilməmisiniz hələ. 
 
Hörmətli DİM, sizin bu imtahanda qayda pozduğuna görə, həmən abituriyentləri növbəti imtahana da buraxmamaq ixtiyarınız, hüququnuz yoxdur. 
Bir də yazıram, qəbul qaydalarında qeyd olunur ki, (6.5.) abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Yəni həmən imtahan nəticəsi. Daha növbəti imtahana buraxılmağa məhdudiyyət yoxdur.  Bundan başqa, mövcud qanunvericilik və qoşulduğumuz konvensiyalarda cəzanın təyin edilməsi təcrübəsi var. İnsan yalnız törətdiyi əmələ görə bir dəfə cəzalanır. Bunlar 16-17 yaşlı uşaqlardır. Bəli, səhv ediblər. Amma bu o demək deyil ki, onların təhsil alma hüquqları tam şəkildə məhdudlaşdırılmalıdır. 

Ona görə də, DİM-in dünən açıqladığı qayda pozan abituriyentlərin ikinci dəfə imtahanda iştirakına məhdudiyyət qoyulacaq ifadəsi yanlışdır. 
Amma maraqlıdır ki, nə Təhsil Nazirliyi yanında İctimai Şura, nə Təhsil Nazirliyi şagirdlərin taleyi, müqəddəratı ilə bağlı məsələlərə münasibət bildirmir".