Bakını çirkləyən şəhər sakinləri – VİDEO
    • 15-12-2018, 10:15
    • 699

Bakını çirkləyən şəhər sakinləri – VİDEO

Günü-gündən gözəlləşən, müasirləşən və turistlərin axın etdiyi şəhərimizdə bəzən xoşagəlməz anlar yaşanır. Bunu edənlər isə elə paytaxtın öz sakinləridir.

Onların bəziləri zibili eyvandan birbaşa yerə atırlar. Bu isə həm sənə, həm də sənə məxsus əmlaka çox ciddi ziyan vura bilər.
News24.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sonuncu belə bir hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib. Avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb. Binanın eyvanından içi tullantılarla dolu sellofan torba avtomobilin üzərinə atılıb. Nəticədə maşının arxa şüşəsi sınaraq yararsız hala düşüb.

Dünyanın bəzi ölkələrində şəhəri zibilləyən, zibili eyvandan atanları ictimai qınaq məqsədilə küçədə gəzdirirlər, adamlara göstərirlər. Avropa ölkələrində müxtəlif miqdarda cərimələr tətbiq edilir. Ekspertlər ölkəmizdə də belə metodlardan istifadəni zəruri sayır.

“Yalnız və yalnız cərimələri artırmaq, ictimai qınağı gücləndirmək lazımdır. Eyni zamanda insanların özləri qonşuya, o zibilləri atan şəxslərə bir nəzarət edib, onlarla bağlı aidiyyəti dövlət qurumlarına şikayət etməlidir”, - deyə kulturoloq Aydınxan Əbilov deyib.

Belə hallarda dəyən ziyana görə, sığorta məsələsi də gündəmə gəlir. Sığorta mütəxəsisləri insanlara əmlaklarını bazar dəyərində sığortalatdırmağı məsləhət görür. Zərərçəkmiş şəxs hüquq mühafizə orqanlarına müraciət edib, ona dəyən ziyanın ödənilməsini tələb edə bilər.

Bir sözlə, özümüzə bir az əziyyət verib, zibili eyvandan yox, zibil qutusuna ataq ki, artıq xərcə düşməyək.  Bu həm də, bizim mədəniyyətimizin göstəricisidir.