Dələduzluq edən şəxslər ifşa edildi - Foto
    • 2-06-2022, 12:37
    • 415

Dələduzluq edən şəxslər ifşa edildi - Foto

Daxili işlər orqanları tərəfindən ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon Polis Şöbəsinə müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 37108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4900 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120600 manat maddi ziyan vurub.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əgər A.Qafarovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri xahiş olunur.