Yerlə göyün arasında dörd ovqat - FOTOLAR
    • 6-06-2022, 14:28
    • 883

Yerlə göyün arasında dörd ovqat - FOTOLAR

Həmişə fikirləşirdim ki, məni heç bir təbiət mənzərəsi təəcübləndirməz. Çünki dağlara yastılanan, zümrüd kimi  yamyaşıl məmləkətdə böyümüşəm. Uşaqlığımın rəngbərəng xatirələrində bulaq səsi də var, çay şırıltısı da, dağ cığırlarında islaq bənövşə toplamaq da…
Ona görə yol boyu düşünürdüm, bu məkanın insanı ovsunlayıb özünə bağlamasının bir başqa hikməti olmalıdır. Və o, yalnız gördüyüm əsrarəngiz təbiət deyil…


Yadıma nə zamansa eşitdiyim sözlər düşürdü. “Bədxahlar oranı nahaqdan istəmirlər. O torpaqlar üstün zəkalar yetişdirən üç fitrətli məkandan biridir. Kainatın enerjisindən, cazibəsindən ora xüsusi pay düşüb”.

Yerlə-göyün arasında…


Səmada, göyün yeddinci qatındayıq. Yalnız bəyaz buludlara qədər yüksələ bildik. Amma daha ucalarda, o torpaqların səmasında özgür dolaşa bilməksə ayrıcalıqdır. Onları Allah seçib…

Şuşa


Ziyarətə gələnlərin başına dolandığı şəhəri  yağışla günəş sevəliyirdi, əzizləyirdi, isladırdı, sığal çəkirdi.
Təbiətin bu möcüzə göstərisinə hər dolayda duman pərdəsi ara verirdi. Az sonra pərdə qalxırdı, başqa bir mənzərə canlanırdı...
Heç vaxt olmadığım bu şəhəri əzbər bilirdim. Eşidib-gördüklərim onu qarış-qarış yaddaşıma köçürmüşdü. Bəlkə elə ona görə hər məhləsinə bələd adam kimi rahat idim. Ərklə ətrafdakı qapıları döyürdüm.  Şuşada yaşayan, Şuşanı yaşayan həmsöhbət axtarırdım…



Qapılarında “mina yoxdur, yoxlanılıb” yazılan yarıuçuq evlərin, həyətlərin sakinlərindən əvvəl divarlarına iri hərflə həkk olunan şəhid adları danışırdı.

Cıdır düzü


Cıdıra çatanda leysan tökürdü. Təpədən–dırnağa su idik. Canımıza Şuşa yağışının, torpağının qoxusu hopurdu. Üz-gözümüz, dilimizdəki dualar islanırdı. Yağışda dualar tez müstəcəb olur, deyirlər.


Cazibə

Yaş torpaq sürüşürdü. Yarğanın kənarındakı qayanın dibindən axan çayı görmək istəyirdim. Cıdırın kənarında dayanan əsgərlər “uçuruma yaxın getmək olmaz” işarəsi versə də, özümü saxlaya bilmirdim. Qayalar adamı özünə çəkirdi. Əzəməti, nəhəngliyi, cazibəsi alıb aparırdı… 


Çöl çiçəkləri

Hər yer qəfildən kəsən yağışdan sevinən çöl çiçəkləri ilə doluydu. Bakıdakılara bu çiçəklərdən gözəl nə hədiyyə olardı?! Əyilib bir neçəsini qırdım. Bənövşəyi də olsun, qırmızı da, sarı da…  Amma sonrasına əlim getmədi. Qıydığım o zərif, narın çiçəklər yaralı torpaqdan can almışdı…

Dörd ovqat


Sevinc, kədər, qürur, heyranlıq… Bir gündə dörd mövsüm yaşayan Şuşa havası kimiydim… 
 



Ziyarət

Vaqifin məqbərəsinə  gedən yolda hamıdan geriyə qalmışdım. Deyəsən, adamsız küçədəki səssizlik quşları darıxdırırdı. Çox ucadan oxuyurdular. Yamaca qalxan qoşa çığıra düşdüm. Ağacların baş-başa verdiyi xiyaban yasəmən qoxuyurdu. Yaşıl cığırın sonu Şəhidlər xiyabanıydı. Səma ən çox burda aydınlanırdı.

Turan yolu


Əslində aydınlanan tək səma deyildi. Sabahlar, ümidlər, gözləntilər də aydınlanırdı.  Mübarək yola birgə çıxan qırğız, özbək, qazax, Türkiyə və Azərbaycanı birləşdirən heyətin böyük Turan arzusu da işıqlanırdı. 

O Turan ki, onun zirvəsi, ilk və son durağı Şuşadır.   

Rəna CUMAQIZI
Foto: Teymur MƏMMƏDOV