Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açılıb - FOTO
    • 29-06-2022, 00:28
    • 751

Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açılıb - FOTO

Azərbaycan və Fransa arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Diqqətinin "Rezanın daxili Oddiseyası" adlı fotosərgisinin açılışı olub.

News24.az
xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərginin açılışında çıxış edən Fondun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, Türkiyədən sonra Fransa ikinci ölkə idi ki, Azərbaycana müstəqilliyinin ilk illərində səfir təyin etdi. Millət vəkili iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb.

Soltan Məmmədov fotosərginin əhəmiyyətinə toxunaraq deyib ki, Azərbaycan diasporasının görkəmli nümayəndəsi Reza Diqqəti 30 illik işğal və dağıntı ilə yanaşı bu gün azad olunan ərazilərimizdə sürətlə gedən yenidənqurma işlərini fotolentə alan bir fotoqrafdır.

Daha sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib. "Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz xeyli inkişaf edib. Bu münasibətlər çox sıxdır və müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə güclü əlaqələrimiz var və bu münasibətlər etimada əsaslanır. Fransa bu regionda sülhün bərqərar olması ilə çiçəklənən, dünyəvi Azərbaycanı dəstəkləməyə sadiq qalır", fransalı diplomat vurğulayıb.

Diplomat sərginin keçirilməsində verdiyi dəstəyə görə təşkilatçılara təşəkkür edib.

Sərgidə çıxış edən fotoqraf Reza Diqqəti öz yardacılığı, fotoqtafiyaya marağı barədə danışıb."Dünyada məni müharibə fotoqrafı kimi çağırırlar, ancaq mən özümü sülh fotoqrafı kimi qəbul edirəm. Mədəniyyətin sülhün, birgəyaşayışın mümkünlüyünə imkan verdiyinə inanıram". Məşhur fotoqraf deyib ki, o, bu 30 ildə Azərbaycan həqiqətlərini fotoları vasitəsilə dünyanın diqqətinə çatdırmağa çalışıb. Reza Diqqəti deyib ki, Azərbaycan və Fransanın zəngin mədəni irsi var və bu nüans xalqları bir-birinə yaxınlaşdırır.