Tələbələr arasında ölüm sayı artır - Ekspert səbəbləri açıqladı
    • 21-07-2022, 14:34
    • 711

Tələbələr arasında ölüm sayı artır - Ekspert səbəbləri açıqladı

Son 7 ayda 23 tələbə vəfat edib. Xəstəlik səbəbindən vəfat edən tələbələrin sayında artım müşahidə olunur. Onlardan 8-i onkoloji və uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib. Bu statistika gənclərin onkoloji və uzun sürən digər xəstəliklərə tutulmasına görə ciddi narahatlığa verir. Bəs, onların erkən yaşda bu xəstəliklərə tutulmasına səbəb nədir?

News24.az-a danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, stresli həyat gənclərin erkən yaşda vəfat etməsinə gətirib çıxarır: “Hər bir gənc düşünür ki, ali təhsil almalıyam. Ali məktəbə daxil olana qədər stress yaşayır. Daxil olduqdan sonra smestr imtahanları, universitet bitdikdən sonra iş tapmaq çətinlikləri, şəxsi qayğılar gənclərin həddindən artıq yüklənməsinə səbəb olur. Bütün bunlardan xilas olmaq üçün dünya ölkələrinin təcrübəsinə müraciət etməliyik. Qəbul imtahanları ləğv olunmalıdır. Ali məktəblərdə də təhsil kökündən dəyişməlidir. Təkcə təhsil deyil, səhiyyə, sosial müdafiə, ictimai həyatın digər sahələri inkişaf etməlidir ki, gənclərin özünü reallaşdırmaq imkanı olsun. Müasir gənclərin xeyli intellektual potensialı var. Texnikanı, texnologiyanı bilirlər. İntellektual imkanları sələfləri ilə müqayisədə yüksəkdir. Amma gənclər özünü cəmiyyətdə reallaşdıra, təsdiq edə bilmir".

Professor eyni zamanda onkoloji xəstəliklərə səbəb ola biləcək amillərdən də danışıb. O qeyd edib ki, əksər insanların koronavirusa yoluxması onların immun sisteminin zəifləməsinə gətirib çıxardı. Nəticədə yaşından asılı olmayaraq, insanlar onkoloji xəstəliklərə yoluxdu: “Eyni zamanda ekoloji vəziyyət, qidalanma, qida, su, hava təhlükəsizliyi, havanın çirkli olması insanların koronavirusdan sonrakı keçid dövründə xəstəlik qarşısında tab gətirməsini çətinləşdirdi. İmmun sistemi həm də düzgün həyat tərzinə bağlıdır. Siqaret, qəlyan kimi zərərli vərdişlər də gənclərin xəstəliyə tutulmasında rol oynayır”.

Adil Qeybullanın bildirdiyinə görə, zərərli vərdişlər onkoloji xəstəliklərə yoluxmanı 20 dəfə sürətləndirir. 

Sonda News24.az onkoloji xəstəliklər səbəbindən dünyasını dəyişən tələbələrin siyahısını təqdim edir:

Bakı Dövlət Universitetinin tələbəsi Azər Məmmədzadə, Esmira Muxtarova, Bakı Mühəndislik Universitetinin tələbəsi Nümayişli Aytac, Bakı Slavyan Universitetinin (BSU) tələbəsi Mərziyyə Vəliyeva, ADA Universitetinin tələbəsi Fərhad Abbaslı, Lənkəran Dövlət Universitetinin tələbəsi Maral Quluzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Zərrin Hacıyeva, Azərbaycan Texniki Universitetinin tələbəsi Sona Qarazadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Yusubova Sevda və Fatimə Dünyamalıyeva.

Qumral ƏLİYEVA