Hərbi Prokurorluqda iclas keçirildi - Fotolar
    • 21-07-2022, 20:46
    • 364

Hərbi Prokurorluqda iclas keçirildi - Fotolar

Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısında cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, eləcə də ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ölkədə gedən demokratik proseslərin prokurorluq orqanlarında da müvafiq islahatların həyata keçirilməsinə zəmin yaradıb:

“2022-ci ilin birinci yarısı da prokurorluğun tarixinə mütərəqqi islahatlar və səmərəli dəyişikliklər dövrü kimi düşmüş və hazırda bu proses uğurla davam etdirilir. Fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə bir sıra digər işlər də görülüb. Sözügedən dövrdə fərarilik və qəsdən sağlamlığa ağır zərərvurma cinayətləri törədilməyib”.

Hərbi prokuror bildirib ki, ötən dövrlərdə olduğu kimi, 2022-ci ilin birinci yarısında da ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib:

“Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, 2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 4 əməkdaş intizam məsuliyyətinə cəlb olunub”.

Sonda məruzə ətrafında çıxışlar olub.