Bu məktəbdə 5-ci siniflər ikinci növbəyə keçirildi - QALMAQAL yarandı
    • 8-09-2022, 20:00
    • 367

Bu məktəbdə 5-ci siniflər ikinci növbəyə keçirildi - QALMAQAL yarandı

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bütün şagirdlər və valideynlər məktəblərin başlanması ilə əlaqədar planlarını qurub, hazırlıqlarını bitiriblər.

Lakin Bakı şəhəri, Nizami rayonunda yerləşən E.Quliyev adına 145 nömrəli tam orta məktəbdə tədrisin başlanmasına az qalmış məktəb direktoru ilə valideynlər arasında narazılıqlar başlayıb.

Bu barədə məlumat verən valideynlər bildiriblər ki, adını çəkdiyimiz məktəb 2022-2023-cü tədris ili üzrə 5-ci sinifləri ikinci növbəyə keçirib.

Bu isə valideynlərin narazılığına səbəb olub. Onlar bildirir ki, həmişə birinci növbə fəaliyyət göstərən məktəb, bu ildən 5-ci sinifləri ikinci növbəyə keçirib. "Uşaqlarımız ikinci növbəyə salsalar dərslər axşam 17:00-18:00-a kimi davam edəcək. Bu halda uşaqlarımız çox şeydən məhrum olacaqlar. Övladlarımız məktəbdənkənar kurs və məşğələlərdən kənarda qalacaq. Axşam dərsdən gələn uşaqlarımız idmanla, rəsmlə, digər dərnəklərlə nə vaxt məşğul olacaqlar? Nəzərə alsaq ki, qarşıdan qış fəsli gəlir, hava 17:00-da qaralır. Bəs uşaqlarımız nə vaxt istirahət edəcək, nə vaxt məktəb tapşırıqlarını hazırlayacaq? Valideynlərin də əksəriyyəti işləyir, onlar övladlarını necə məktəbə gətirəcəklər?

Bütün bu sualları cavablandırmaq üçün valideynlər məktəbin direktoru Pərvanə Abbasova ilə görüşüb, mövcud vəziyyətlə bağlı narazılıqlarını dilə gətiriblər. Direktor bildirib ki, şagirdlərin sayı çox olduğu üçün belə bir addım atıblar.

Bu məsələ ilə bağlı, valideynlər etiraz sənədi hazırlayıb, imza toplayaraq Təhsil və Elm şöbəsinə müraciət göndəriblər.
Qeyd edək ki, 145 nömrəli tam orta məktəbdə 5-ci siniflərin sayı doqquzdur. Onlardan səkkizi rus, qalan biri isə Azərbaycan bölməsinə aiddir. /Musavat.com/