Ruhi Əliyeva: "Həm öz həyatlarını, həm də valideynlərinin arzularını puç edirlər" - FOTO/VIDEO

Ruhi Əliyeva: "Həm öz həyatlarını, həm də valideynlərinin arzularını puç edirlər" - FOTO/VIDEO
SOSİAL

21-09-2022, 21:27

Mətn ölçüsü

“Bəşəriyyətin qorxunc bəlasına, müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəyə çevrilən narkomaniya cəmiyyətimizdə hər kəsi ciddi narahat edir. Bu bəlaya yoluxanların sayı getdikcə artır. Ona aludə olan hər kəsin, gəncin, yeniyetmənin həyatını məhv edir, onları potensial cinayətkara, qatilə çevirir, qaranlığa, ölümə sürükləyir.  Bu təhlükə ilə hüquq-mühafizə orqanları  ciddi mübarizə aparır. Amma bu bəlaya qarşı yalnız dövlət, hüquq-mühafizə orqanları deyil, bütün cəmiyyət, onun hər fərdi ayrı-ayrılıqda kəskin və barışmaz mübarizə aparmalıdır”. 

Bu fikirlər dünən Nardaran Mədəniyyət Mərkəzində narkomaniya ilə mübarizəyə həsr olunan tədbirdə səslənib.
News24.az-ın xəbərinə görə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə tanınmış ziyalılar, hüquq-mühafizə orqanlarının nümayəndələri, Nardaran kənd sakinləri iştirak edib.

Tədbirdə “Liatris holding”-in rəhbəri Ruhi Əliyeva çıxış edərək pis vərdişlərin, narkotik asılılıqların insan həyatında yaratdığı faciələrdən söz açıb. O bildirib ki,  gənc və yeniyetmələrin belə bəlalara düçar olmasının əsas səbəbi onların təhsilsizliyi, dünyagörüşünün zəif olmasıdır: “Azərbaycan gəncliyi əzmli, intellektli, zəkalı, vətənpərvərdir. Bunu Qarabağ savaşı, son baş verən hadisələr bir daha sübut elədi. Şəhid, qazi balalarımız Azərbaycan gəncliyinin nə qədər qürur duyulmalı, fəxr olunmalı olduğunu bir daha göstərdi. Amma nə yazıq ki, bəzi gənclərimiz, yeniyetmələrimiz bu bəlanın əsirinə çevrilirlər. Həm öz həyatlarını, həm onlar üçün fədakarcasına ömrünü həsr edən valideynlərinin arzularını puç edirlər.

Zənnimcə, bunun əsas səbəbi gənclərimizin təhsildən uzaq düşməsidir. Hər bir gənc oxuyub yüksək təhsilli mütəxəssis olmaq, yaxud işini mükəmməl bilən sənət sahibi olmağa çalışmalıdır. İstər qız, istər oğlan bu yöndə özünü yetişdirmək, cəmiyyət, vətən üçün faydalı şəxsiyyət kimi formalaşmaq üçün mübarizə aparmalıdır. Hər bir valideyn də övladının, ələlxüsus, qızının təhsil alması üçün ona dəstək olmalıdır. Əgər uşaqlarımız yaxşı təhsil alarsa, o zaman onlar bütün zərərli vərdişlərdən uzaq olar,  sağlam cəmiyyətin yaradıcısına çevrilərlər”.

Daha sonra "VMR" şirkətlər qrupunun baş direktoru Vüsal Həsənov və Sabunçu Rayonu İcra Hakimiyyətinin ictimai - siyasi məsələlər üzrə şöbə müdiri Ədalət Teymurov da narkotiklə mübarizədə görülən işlərdən, gənclər və yeniyetmələrlə keçirilən görüşlərdən söz açıblar.

Çıxışların ardınca Səhnə Teatrının hazırladığı “Qaranlıqdan işığa” tamaşası nümayiş olunub.

Tamaşada narkotikin əsirinə çevrilən Qurban adlı gəncin simasında bu bəlaya düçar olanların yaşantıları, faciəsi əks olunub. Bu fəlakətin iradəsinə qalib gələ bilməyən, onun fəsadlarından xəbərsiz hər bir gənci qurbana çevirə biləcəyi göstərilib.  Bununla da hər kəsi bu qorxunc bəla ilə mübarizəyə səfərbər olmağa səsləyib.

Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova , quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir. Obrazları Anar Həsənzadə, Zülfiyyə Eldarqızı, Mahir Mirişli, Nazlı Quliyeva,  Ağəli Kərimzadə, Rəbilə Ələkbərzadə, Xaliq Rza və Mirzə Ağa Mirzəyev canlandırıb.

FOTO: Teymur Məmmədov
VİDEO: Nicat Niftəliyev

YouTube