Çində sabiq nazir korrupsiyaya görə edam cəzasına məhkum edildi
    • 22-09-2022, 11:13
    • 301

Çində sabiq nazir korrupsiyaya görə edam cəzasına məhkum edildi

Çinin sabiq ədliyyə naziri, keçmiş ictimai təhlükəsizlik nazirinin müavini Fu Zhenghuan iki illik möhlətlə ölüm cəzasına məhkum edilib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çançun şəhərinin (Şimal-şərqi Çinin Jilin əyaləti) Orta Məhkəməsi qərar qəbul edib. 

Məhkəmənin hökmünə əsasən, o, ümumilikdə 117 milyon yuan (təxminən 16,5 milyon dollar) məbləğində rüşvət almaqda təqsirli bilinib.

Fu Zhenghua siyasi hüquqlardan məhrum edilib, əmlakı dövlətin xeyrinə müsadirə olunacaq.

İki illik cəzadan sonra ölüm hökmü apellyasiya şikayəti olmadan və şərti azadlığa buraxılmadan ömürlük həbslə əvəz edilə bilər.

İstintaqla müəyyən edilib ki, Fu Zhenghua 2005-ci ildən 2021-ci ilə qədər müxtəlif dövlət və partiya postlarında işləyərkən biznesə himayədarlıq,  həmçinin öz vəzifə mövqeyindən şəxsi məqsədlər üçün istifadə edib. Bundan əlavə, o, kiçik qardaşı Fu Veyhuanın törətdiyi cinayətlərə dair mühüm sübutları gizlətməkdə təqsirli bilinib.

Fu Zhenghua günahını boynuna alıb və peşman olduğunu bildirib. Həmçinin qanunsuz yolla əldə edilmiş əmlakın axtarışına köməklik edib. Digər cinayətlər barədə ifadə verib.