"Bu döyüşdən qayıdanda hamı məni qarşılayacaq"- Şəhid Coşqununun SON SÖZÜ - FOTO/VİDEO
    • 27-09-2022, 17:34
    • 659

"Bu döyüşdən qayıdanda hamı məni qarşılayacaq"- Şəhid Coşqununun SON SÖZÜ - FOTO/VİDEO

Ermənistan Silahlı Qüvvələrinin sentyabrın 12-14- də sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan 80 hərbçidən biri də Coşqun Zülfizadədir.
 
O, 44 günlük Vətən müharibəsinin könüllü döyüşçüsü olub. Elə hərbçi olmağa da o zaman qərar vermişdi.
 
Uşaq yaşlarından idmanla məşğul olmağı onun xarakterini də möhkəmləndirmişdi. Adı kimi coşğun ruhlu qəhramanımız çətində olan vətənin çağırışına biganə qala bilməyib. Tək amalı olan işğaldan uzaq, firavan, məsud vətən üçün 12-14 sentyabr döyüşlərində də ləyaqətlə vuruşub. Bu döyüşdən əvvəl "Bütün Binə məni əlində bayraqlarla qarşılayacaq" deyirmiş. Dediyi kimi də oldu. Nəinki Binə, bütün Bakı onun bayrağa sarılan tabutunu qarşıladı. Azərbaycan onu digər şəhid balaları kimi köksünə sıxdı.... 
Adı minlərlə şəhid kimi and yerinə, məzarı ziyarətgaha çevrildi.

Onun yarıda qalmış arzularından, xəyallarından isə News24.az-a atası Ədail Zülfizadə danışdı. Dedi ki, Coşqun  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi xidmət qulluqçusu olub. 44 günlük Vətən Müharibəsi başlayanda isə o, döyüşə könüllü yollanıb: "Müharibəyə könüllü getmişdi. Oradan qayıdandan sonra dedi ki, hərbçi olacam. 3-4 aydan bir üzünü görürdük. Bir dəfə də məzuniyyətə gələndə dedi ki, Türkiyəyə gedib "Komando" təlimlərində iştirak edəcəyəm. Kursu bitirdi, kəşfiyyat bölüyündə qulluğa başladı. Son döyüşlərdə də Laçının 3 kəndinin işğaldan azad olunmasında iştirak elədi".

Amma ailəsi son hadisələrdə Coşqunla tez-tez əlaqə qura bilməyiblər:"Onun üçün çox darıxırdım. Bilirdim ki, o da bizim üçün darıxır. Son günlər əlaqə qura bilmirdik. Bu dəfə də zəng etdim, açmadı. Düşündüm ki, işi bitəndən sonra özü bizə zəng edər. Axşam saat 11-də zəng elədi ki, hər şey qaydasındadır.  Döyüş olduğunu televiziyadan öyrəndim. Verilişdəki qonaqlardan biri "Allah rəhmət etsin" deyəndə bildim ki, şəhidlərimiz var. Çoşquna nə qədər zəng eləsəm də, telefonu açmadı. Heç demə, şəhid olubmuş... Məhəllədə artıq hamı bilirdi, amma mənə demirdilər. Əvvəlcə dedilər ki, yaralıdır. Sonra qardaşım gəldi. Əlini çiynimə qoydu. Dedi ki, güclü ol, Coşqun şəhid oldu. Həmişə onun üçün dua eləyirdim. Allaha yalvarırdım, hətta bəzən aya, günəşə, təbiətə tapşırırdım ki, onu da, bütün əsgərlərimizi də qorusun. Nişanlı idi, toyuna hazırlaşırdıq. Qismət olmadı. Taleyi belə imiş"...

Müxbir:Qumral Əliyeva 

Video:Nicat Niftəliyev