Apellyasiya Məhkəməsi Ukraynada həbs olunan qazimizin xeyrinə qərar verdi
    • 27-09-2022, 22:51
    • 501

Apellyasiya Məhkəməsi Ukraynada həbs olunan qazimizin xeyrinə qərar verdi

"Bu gün Kiyev Apellyasiya Məhkəməsində Qarabağ qazisi Misir Qasımlının işində ilk qələbəmizi qazandıq".

News24.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavad bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi Obuxov şəhər Məhkəməsinin 18.05.2022 tarixli qərarını ləğv edib.

"Bu isə bizə Obuxov Məhkəməsində gələn aya təyin olunan proseslərdə böyük üstünkük verir. Ümid edirəm ki, oktyabr ayının sonunda Misirlə bağlı məhkəmə prosesi bizim xeyrimizə bitəcək və qazimiz azadlığa çıxacaq", - H.Cavad vurğulayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı bir il bundan öncə həbs olunub.
O, Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Qaziyə qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.
M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.