Mail.ru istifadəçiləri üçün yeni - TƏHLÜKƏ
    • 27-09-2022, 22:14
    • 242

Mail.ru istifadəçiləri üçün yeni - TƏHLÜKƏ

"AppStore" platforması ötən gün VK Holdinqə daxil olan bir çox resursları silib".

News24.az bildirir ki, bu barədə "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat paylaşıb.

O bildirib ki, baş verənlər gözlənilən idi:

"Hazırda bu holdinqə daxil olan "Vkontakte" sosial şəbəkəsi, "VK Play", "VK Музыка", "VK Клипы" "VK Мессенджер", "VK Админ", "Почта Mail․ru" və "Облако Mail.ru" mobil servisləri "AppStore" platformasında görünmür.
VK özünün bir çox mobil tətbiqlərinin silinməsini təsdiqləyib. Eyni zamanda əvvəldən yüklənənlərin hələlik işlədiyini bildirib.

Qlobalda monitorinq aparan "Netblocks" da VK mobil tətbiqlərinin dünyanın heç bir yerində artıq əlçatan olmadığını təsdiqləyib.

Düşünmək olar ki, "Apple"dən sonra qısa müddətdə "Google" da bu addımı atacaq, "Play market"dən də adı çəkilən resurslar silinə bilər".

Ekspert vurğulayıb ki, belə olan halda bu resurslardan istifadə edən vətəndaşlarımızı da ciddi problem gözləyəcək:
"Onlar üçün bu resurslar sadəcə əlçatan olmayacaq, datalar itəcək, bu emailə bağlı olan digər servislərdə problem yaranacaq və s. Bildiyim qədər Azərbaycanda hələ də xeyli sayda insan "Mail.ru" servisindən istifadə edir. Həm də bu emaildən istifadə edərək müxtəlif servislərdə (Facebook, Instagram, TikTok və s.) qeydiyyatdan keçənlər var. Baxmayaraq ki, hələlik "Google" bu addımı atmayıb, adı çəkilən servislərin veb versiyası işləkdir, amma tövsiyə ondan ibarətdir ki, "Mail.ru"dan istifadə edənlər ləngimədən digər servislərə (Gmail və s.) keçsinlər.

Məktubların daşınmasını "Mail.ru"ya etibar etməyin nəticəsini biz hələ 2008-də Rusiyanın Gürcüstana hücumu zamanı görmüşük. "Mail.ru" datanı və kontaktları yeni "Gmail" ünvana köçürmək elə də problem yaratmır. "Gmail"də belə imkanlar nəzərdə tutulub. Amma gərək bu addım zamanında atılsın".

Osman Gündüzün sözlərinə görə, müharibə başlayandan bəri "AppStore"dən Rusiyaya məxsus 7 000 mobil tətbiqin silindiyi bildirilir.

"Rusiya hökuməti və VK rəhbərliyi baş verənlərlə bağlı Apple şirkətinə sorğu göndərib. VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur. O isə hazırda Ukraynanın işğal olunan ərazilərində keçirilən referenduma rəhbərlik edən Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur. Ata da, oğul da sanksiya altındadır. Holdinqin London Fond Birjasında fəaliyyəti də Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində dayandırılıb.

Bir neçə gün öncə "Apple" və "Google" şirkətlərinin keçmiş rəhbərləri Ukrayna Prezident Administrasiyasında görüşlər keçirmişdilər. Baş verənlərdə güman ki, bu görüşlərin də " izi" olmamış deyil", - deyə ekspert qeyd edib.